YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Hər bir dövlət məmuru öz xalqına ləyaqətlə, şərəflə xidmət etməlidir

““ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan brendidir. Qısa müddət ərzində bu mərkəzlərə 1 milyon 500 min müraciət olmuşdur. Bu, özlüyündə bir göstəricidir. Müraciət edənlərin 97 faizi “ASAN xidmət”in fəaliyyətindən razıdır. “ASAN”ın birinci ilinin tamam olmasını nəzərə alsaq, inanıram ki, gələcəkdə bu rəqəm 100 faizə çatacaqdır. Azərbaycan vətəndaşları belə xidmətlərə layiqdir. Əminəm ki, bu təşəbbüs nəinki Azərbaycanda, başqa ölkələrdə də tətbiq ediləcəkdir.” Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhər 4 saylı “ASAN xidmət” mərkəzinin açılışında əməkdaşlar ilə görüşündə səsləndirmişdir.

Dövlət başçısı bildirmişdir ki, Azərbaycan vətəndaşlarına xidmət, qayğı, diqqət ən yüksək səviyyədə olmalıdır: “Mən bunu dəfələrlə demişəm ki, hər bir dövlət məmuru öz xalqına ləyaqətlə, şərəflə xidmət etməlidir. “ASAN xidmət”in yaradılması bax bu siyasətin nəticəsidir, onun əlamətidir.

Burada göstərilən xidmət, şəffaflıq, mədəniyyət ölkəmizin hər bir yerində özünü göstərməlidir. Biz ölkəmizi müasirləşdiririk, ölkəmiz uğurla inkişaf edir. Hər bir sahədə gözəl nəticələr vardır və olacaqdır.”