YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitə sədrlərinin onlayn iclası keçirilib

Mayın 12-də Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun, Türkiyənin Böyük Millət Məclisinin Xarici İşlər komissiyasının sədri Volkan Bozkırın və Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri İrakli Beraianın iştirakı ilə üçtərəfli onlayn iclas keçirilib.

Görüş barədə Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Səməd Seyidov deyib: “İlk olaraq qeyd etmək istərdim ki, bu, üç ölkənin beynəlxalq münasibətlər üzrə komitələrinin onlayn rejimdə keçirilən ilk iclası idi. Müvəffəqiyyətlə keçirilən iclasın təşkili üçün təşəbbüskar tərəf kimi Azərbaycana minnətdarlıq ifadə olundu. İclasda mövcud pandemiya dövründə məhdud imkanlar şəraitində üçtərəfli əlaqələrin genişlənməsinə dair fikir mübadiləsi aparıldı. Hər üç ölkənin komitə sədri çıxış edərək mövcud şərait ilə bağlı, ölkəsindəki məsələləri diqqətə çatdırdı. Öz növbəmdə, Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans vasitəsilə keçirilən Zirvə görüşlərində Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə üsulları və təcrübəsi barədə təqdim etdiyi məlumatı həmkarlarıma çatdırdım.

İclasda, həmçinin hazırda karantin rejiminin yumşaldılması ilə bağlı yarana biləcək problemlər də gündəmə gətirilib. Tərəfimdən Operativ Qərargah ilə Türkiyə və Gürcüstanda da fəaliyyət göstərən müvafiq qurumlar arasında əlaqənin yaradılması, bu istiqamətdə məsələlərin müzakirəsi təklif edildi.

Bundan başqa parlamentin yalnız Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin deyil, eləcə də səhiyyə, mədəniyyət, sosial məsələlər üzrə komitələrinin, hətta gələcəkdə parlamentlərarası üçtərəfli görüşlərin keçirilməsi məsələsi də müzakirə edildi.

Müzakirə edilən mühüm məsələlərdə biri də işğal altında olan ərazilərimizdə qeyri-qanuni “seçkilərin” keçirilməsi oldu. Hər iki həmkarım müddəalarında ölkənin ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, dövlətin suverenliyini ehtiva edilən Ankara Protokolunu dəstəklədi.

Eyni zamanda, işğal olunmuş ərazilərdə keçirilmiş “seçkilər” ilə bağlı bəyanatı bir daha vurğuladıq, bunun dünya ictimaiyyətinə çatdırılmasının borcumuz olduğunu bildirdik. Bu məsələ üzrə də hər üç ölkənin komitə sədrləri razılığa gəldi.

Ölkələrimiz arasında əlaqələrin ümumi şəkildə inkişafı da aparılan müzakirə və fikir mübadiləsində öz əksini tapdı. Azərbaycan-Gürcüstan-Türkiyə arasında enerji layihələrinin, Bakı-Tbilisi-Qars dəmir yolunun daha operativ və səmərəli inkişafı, eləcə də üç ölkə arasında əlaqələrin genişlənməsi məsələləri müzakirə obyektinə çevrildi.

Həmçinin beynəlxalq təşkilatlarda da birgə fəaliyyət göstərmə məsələsini də gündəmə gətirdik. Mən xüsusilə həm Türkiyə, həm Gürcüstana, həm də Azərbaycana qarşı tamamilə əsassız müdaxilələrin, təsirlərin qarşısını almaq üçün birgə fəaliyyət göstərməli olduğumuzu qeyd etdim. Bu qeyd də həmkarlarım tərəfindən müsbət qarşılandı.

Biz postpandemiya dövründə sərhədlərin açılması ilə turizmin inkişafı, gələcək münasibətlərimiz ilə bağlı müzakirələr də apardıq. Görüşün sonunda Türkiyənin Böyük Millət Məclisinin Xarici İşlər komissiyasının rəhbəri Volkan Bozkırın dəvəti ilə növbəti görüşün gələn il Ankarada keçirilməsinə dair razılığa gəldik”.