YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Dekabrın 23-də Moskvada Azərbaycan diasporu Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş gecə keçirib. Gecə Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondu (AMİDF) və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi tərəfindən təşkil olunub.
Gecəni Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Aqşin Əliyev açaraq Həmrəylik Gününün keçirilməsinin əsas məqsədindən bəhs edib: “Bu bayramın keçirilməsində məqsəd dünya azərbaycanlılarının birliyinə və həmrəyliyinə nail olmaq, mənəvi-əxlaqi dəyərlərə hörmət, habelə tarixi Vətənə mənsubiyyət hissini aşılamaqdır. Mən çox sevinirəm ki, Rusiya azərbaycanlıları uzaqda olduqlarına baxmayaraq, birliyi duyurlar və bu gün bu gözəl günü qeyd etmək üçün bir araya toplaşıblar”.
Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondunun direktoru Şamil Tağıyev həmvətənlərini bayram münasibətilə təbrik edərək bu günün əhəmiyyətini vurğulayıb. O həmçinin qonaqlara təşkilatın fəaliyyətindən danışıb. Ş.Tağıyev deyib: “Mövcud olduğu üç il ərzində AMİD Fondu öz ətrafında çox istedadlı gəncləri birləşdirib. Onların arasında şairlər, rəssamlar, rəqqaslar, idmançılar vardır və şadam ki, bu gün onların hamısı bu gözəl bayramı qeyd etmək üçün buraya toplaşıb”.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev öz çıxışında bildirib ki, Moskvanın azərbaycanlı diaspor təşkilatları həmişə əlbir olub və olacaqlar: “ASGA Moskvanın bütün diaspor təşkilatları ilə, o cümlədən Ümumrusiya Azərbaycan Konqresi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı ilə sıx əməkdaşlıq edir. Rusiyanın müasir azərbaycanlı gəncləri mehriban və həmrəydirlər və mən əminəm ki, həmişə belə olacaq”.
Azərbaycan diasporunun nümayəndələri – şairlər Afaq Şıxlı, Əşrəf Hüseynli, Nəsib Nəbioğlu və Sultan Mərzili də tədbirdə iştirak edənləri Həmrəylik Günü münasibətilə təbrik edərək xalqa, Vətənə məhəbbət haqqında şeirlərini oxuyublar.
Sonra AMİD Fondu fəallarının Azərbaycan-Slavyan Gənclər Assosiasiyası tərəfindən təltif edilməsi mərasimi olub. Hüsniyyə Abbasova, Mahтur Səfiyeva, Səbinə Rəhimova və Binnət Bünyadov milli özgürlüyün təbliğ edilməsinə və möhkəmləndirilməsinə, milli mədəniyyətin və ənənələrin qorunub saxlanmasına və inkişaf etdirilməsinə görə diplomlara layiq görülüblər.
Gecənin ən maraqlı məqamlarından biri intellektual marafon olub. Marafonda fondun fəalları və tələbələri Azərbaycanın tarixi, mədəniyyəti və ənənələri ilə bağlı suallara cavab veriblər. Marafonun yekunları üzrə qaliblərə Azərbaycan haqqında hədiyyə nəşrlər və digər qiymətli hədiyyələr təqdim olunub. Əsas mükafata Ramazan Ramazanov və Emil İsgəndərov layiq görülüblər. Onlar Bakıya təyyarə biletləri əldə ediblər.
Bayram Azərbaycanın gənc ifaçılarının – Ramazan Ramazanov, Orxan Türkoğlu, Mahnur Səfiyeva, Elçin Qurbanov, Vasif Quliyevin, habelə Əziz Mehdiyevin rəqs ansamblının iştirakı ilə konsertlə davam edib.
Gecənin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıdan gələn doğum günü şərəfinə tort kəsilib.
Qeyd etmək lazımdır ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilk dəfə olaraq 1991-ci il dekabrın 16-da Heydər Əliyev tərəfindən elan edilib. O zaman o, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi. Bu tarixin seçilməsi təsadüfi deyil. 1989-cu il dekabrın 31-də Naxçıvan MSSR ərazisində bir qrup adam Sovet-İran sərhədini sökərək İranda yaşayan həmvətənləri ilə görüşmək üçün Araz çayını keçmişdi. Həmin gün İstanbulda Azərbaycanlıların ilk Ümumdünya Konqresinin açılışı olmuşdu. Məhz bu iki hadisə 31 dekabr gününün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsinə səbəb olub.