YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Ermənistan hakimiyyəti münaqişənin həlli ilə bağlı sülh danışıqlarının aparılmasına maraqlı deyil

“Ermənistan hakimiyyəti Dağlıq Qarabağ probleminin həlli ilə bağlı sülh danışıqlarının aparılmasına maraqlı deyil. Bunu işğalçı ölkənin baş naziri Nikol Paşinyanın mövqeyi də bir daha təsdiqləyir. Erməni tərəfinin məqsədi münaqişə zonasında gərginliyin artırılması və işğalçılıq siyasətinin davam etdirilməsindən ibarətdir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Paşinyanın işğal olunmuş torpaqlarımıza qanunsuz səfər etməsi də bu məkrli niyyətin tərkib hissəsidir. Onun sözlərinə görə, erməni baş nazirin  son zamanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı diplomatik məğlubiyyətləri, onun BBC televiziyasına  müsahibəsında gülünc vəziyyətə düşməsi Ermənistan cəmiyyətində reytinqinin aşağı düşməsi ilə nəticələnib və bu vəziyyətdən çıxmaq, müəyyən dividendlər qazanmaq və eyni zamanda, erməni ordusunda hökm sürən ruh düşkünlüyünü aradan qaldırmaq üçün Qarabağa səfər edib, hərbi obyektlərdə olub, Tovuz istiqamətində Azərbaycanla sərhəd xəttində törədilmiş təxribatlarda “fərqlənmiş” hərbiçiləri mükafatlandırıb.

Millət vəkilinin fikrincə, bu səfər həmçinin, işğalçılıq siyasətinin Ermənistan üçün prioritet olduğunu, təxribatların davam edəcəyindən xəbər verir. Təsadüfi deyil ki, Ermənistanda “Müdafiə haqqında” qanuna edilən dəyişikliklərin ictimai müzakirəyə çıxarılması, Ermənistan ordusunun say tərkibinin mülki vətəndaşlar hesabına artırılması da bunun əyani sübutudur.

S.Fətəliyeva eyni zamanda, Ermənistanın işğal olunmuş torpaqlarımızda qanunsuz məskunlaşdırma siyasətinə də münasibət bildirib: “Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionu və ətraf rayonlarda işğalçı Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşdırma siyasəti aparılır. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq işğal altında olan ərazilərimizdə qeyri-qanuni məskunlaşdırılmaya dair faktlar zaman-zaman ortaya çıxır”. O qeyd edib ki, Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktları ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb. Eyni zamanda, Azərbaycan tərəfi bu faktları mütəmadi olaraq beynəlxalq ictimaiyyətə təqdim edərək Ermənistanın işğalçılıq siyasətini ifşa edir. Ona görə ki, Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud şəkildə pozulmasıdır.

“İşğal altındakı Dağlıq Qarabağda yaradılmış qondarma rejimin başçısı Araik Arutunyan Livanda yerləşən Kilikiya katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq əsnasında 100-150 erməni ailəsini Dağlıq Qarabağda yerləşdirməyə hazır olduğunu bildirib. Bununla yanaşı, Ermənistan mətbuatı artıq Livandan olan ilk iki erməni ailəsinin Dağlıq Qarabağa yerləşdirilməsindən və bu prosesin davamlı olacağından bəhs edir”-deyən, millət vəkilinin sözlərinə görə, işğalçı ölkənin hakimiyyəti Livanda davam edən qeyri-stabil vəziyyətdən Ermənistan və qondarma rejimin acınacaqlı demoqrafik strukturunun yaxşılaşdırılması məqsədi üçün istifadə etməyi planlaşdırır.

“Dağlıq Qarabağda aparılan köçürmə siyasəti beynəlxalq hüququn norma və standartlarına zidd şəkildə, tarixin saxtalaşdırılması kontekstində aparılır. Belə ki, işğal olunmuş ərazilərə Livan ermənilərinin süni şəkildə köçürülməsi ilə erməni əhalisinin heç vaxt yaşamadığı işğal olunan ətraf rayonların etnik strukturunu dəyişdirmək niyyəti güdülür. Beynəlxalq birlik, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın bu cinayətlərinə münasibət bildirməlidir. Həmsədrlərin seyrçi mövqedə olması işğalçı ölkəni bu kimi qeyri-konstruktiv əməllərə sövq edir. Ona görə də, Minsk qrupunun həmsədrləri  konkret mövqe olmalıdır”-deyə, S.Fətəliyeva vurğulayıb.