YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Cəfərov: Türkiyə-Azərbaycan əlaqələrinin qırılmaz tellərlə bağlanması türk dünyasının daha çox birləşməsində həlledici rol oynayır

“Azərbaycan və türk xalqlarının müdrik siyasi xadimləri tarixin çətin məqamlarında həmişə bir-birinə sadiqlik nümayiş etdiriblər. Qədim tarixə malik Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, iki ölkə arasındakı birlik bu gün daha yüksək səviyyədə həyata keçirilir”. Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.

M.Cəfərov bildirib ki, Türkiyə hazırda dünya siyasətində çox fəal və önəmli rol oynayır. Bu ölkənin təsir imkanları getdikcə artır. Azərbaycanın beynəlxalq aləmdəki mövqeləri də gündən-günə möhkəmlənir. Xüsusilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin reallaşmasından sonra ölkəmizin nüfuzu daha da artdığını qeyd edən M.Cəfərov bildirib: “Azərbaycan dünyada iri infrastruktur layihələrinin reallaşdırılmasında böyük təcrübəsi olan dövlət kimi tanınır. Ölkəmiz təkcə regionda deyil, eyni zamanda, dünyada söz sahibidir. İqtisadiyyatın inkişaf tempinə görə Azərbaycanın regionun lider dövləti olması, həm də ölkəmizin dünyada ən islahatçı dövlət adlandırılması əlaqələrimizi daha da genişləndirib. Bu baxımdan Azərbaycan Türkiyəyə, Türkiyə isə Azərbaycana bağlı dövlətdir. Nüfuzlu beynəlxalq qurumların tədbirlərində də iki qardaş ölkənin nümayəndələri hər zaman bir-birinə dəstək verib, mövqelərini müdafiə ediblər. Bütün bunlar bir daha təsdiqləyir ki, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Artıq bütün dünya bir daha şahidi oldu ki, bu tarixi ifadə sadəcə sözdən ibarət deyil”.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan əlaqələrinin qırılmaz tellərlə bağlanması türk dünyasının daha çox birləşməsində həlledici rol oynayır. Bu gün dünyanın qarışıq və mürəkkəb bir vaxtında türk dünyasının sıx birlik, həmrəylik nümayiş etdirməsi çox vacibdir. Artıq beynəlxalq aləmə də bəllidir ki, türk dünyasının birliyi möhkəmlənəcək, gücü daha da artacaq. Həmçinin bütün dövlətlər bilirlər ki, türk dünyasının birliyinin əsasını Türkiyə və Azərbaycan təşkil edir.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyə daim Azərbaycanın mövqeyini dəstəkləyib və bu gün də tutduğu yola sadiqdir. Qardaş ölkənin Baş Naziri dəfələrlə vurğulayıb ki, Dağlıq Qarabağ mövzusu, işğal altındakı ərazilər, ümumiyyətlə, Ermənistan ilə Azərbaycan arasındakı problem öz həllini tapmayınca, Türkiyə Böyük Millət Məclisindən Ermənistanla bağlı müsbət bir qərarın çıxması mümkün deyil. Türkiyə-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Bu inkişafın qarşısını heç bir qüvvə ala bilməz. Azərbaycan Prezidenti İlham Əliyev də bu barədə qəti fikirini bildirərək vurğulayıb ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri uğurla inkişaf edir, xalqlarımız bir-biri ilə sıx əməkdaşlıq edir, bütün birgə təşəbbüslərimiz, layihələrimiz uğurla icra edilir”, -deyə Müşfiq Cəfərov diqqətə çatdırıb.

Deputat deyib ki, sentyabrın 15-də Bakının azad olunması münasibətilə Azərbaycan və Türkiyə qırıcılarının Gəncədə uçuşları nəinki Ermənistana, bütün dünyaya ünvanlanmış siyasi mesajdır. Ümid edirik ki, Ermənistan tərəfinin işğal olunmuş Dağlıq Qarabağı və ətraf rayonları tərk etmək əvəzinə, Gəncə şəhəri ilə bağlı təhdidlərinə qarşı verilən bu hərbi-siyasi mesaj onu düşünməyə vadar edəcək. Əks halda, Türkiyə və Azərbaycan qırıcılarının Ermənistan səmasına da qalxacağına əmin olsunlar.

DİGƏR Xəbərlər Arxiv