YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Ermənistan-Azərbaycan müharibəsi: həqiqət anı

Elman Nəsirov

Milli Məclisin deputatı

            Ermənistan silahlı qüvvələrinin 27 sentyabr hərbi təxribatına qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əsasən, “nə müharibə, nə də sülh” qeyri-müəyyənliyi ilə xarakterizə olunurdu. 27 sentyabr tarixində həqiqət anı yetişdi. Nəticədə münaqişə ilə bağlı formalaşmış bir sıra illüziya və streotiplərə son qoyuldu. Eyni zamnada bir sıra həqiqətlər praktiki baxımdan da təsdiqini tapdı.

Birincisi, bu münaqişənin “dondurulmuş” halda olması ilə bağlı iddiaların nə qədər əsassız olduğu, eyni zamnada təhlükəli mahiyyəti üzə çıxdı.

İkincisi, “münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur” kimi “hökm”lərin üniversal xarakter daşımadığı, əksər hallarda isə beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil etdiyi faktı təsdiqini tapmış oldu.

Eyni zamanda bütün dünya bir daha şahidlik etdi ki, müasir dünyada güc amili həlledici rola və statusa malikdir. 30 il ərzində ərazisi təcavüzə məruz qalan Azərbaycanın haqq səsini qulaqardına vuran, özünü kor ,kar və lal  kimi aparan dünyanın böyük dövlətləri və beynəlxalq təşkllatları bütün problemlərini kənara qoyub, Qarabağ münaqişəsi ətrafında intensiv hərəkətlilik nümayiş etdirməyə başlayıblar. ABŞ Prezidenti Donald Tramp münaqişədən ciddi  narahatlığını dilə gətirir, BMT-nin Baş katibi Quterreş, Franda prezidenti Emmanuel Makron, Almaniyanın kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, Ermənistan və Azərbaycan arasında yaranmış hərbi qarşıdurmanın tezliklə dayandırılmasına və sülh danışıqlarının bərpasına dair reallıqları nəzərə almayan mövqelər ortaya qoyurlar. Tələm-tələsik anoloji davranış ilə NATO, Avropa Şurası, Avropa İttifaqı çıxış edir. Bu davranışı şərtləndirən həlledici amil Ali Baş Komandan İlham Əliyevin rəhbərli altında Azərbaycan Silahlı Qüvvələrinin təcavüzkara qarşı bütün cəbhə boyu uğurlu əks hücüm kampaniyası həyata keçirməsi ilə bağlıdır. Hərbi əməliyyatların ilk saatlarında Prezident İlham Əliyev xalqa müraciətində bildirdi ki, “Biz öz torpaqımızda döyüşürük, bu gün Azərbaycan ordusu öz torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir Erməni əsgərinin Azərbaycan torpağında nə işi var? Bizim işimiz haqq işidir və biz qalib gələcəyik”.

Ermənistan siyasi-hərbi rəhbərliyinin son 3 ay ərzində davranışı və yaratdığı hərbi qarşıdurma mühiti münaqişənin müharibəyə çevrilməsi üçün münbit və əlverişli  şaraiti təmin etmişdir. Qarabağdan 100 kilometrlə uzaq bir ərazidə-Azərbaycanla sərhəddin Tovuz istiqamətində 12-16 iyul tarixində Ermənistanın törətdiyi hərbi avantüra bu baxımdan ilk siqnal idi. Növbəti siqnal avqustun 23-də baş verdi. Bu dəfə Ermənistan mülki Azərbaycan vətəndaşlarına və hərbi qulluqçulara qarşı diversiya təxribatını həyata keçirməyə cəhd etdi. Bu realıqları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT BAŞ Məclisinin 75 illik sessiyası çərçivəsində ümumi debtalarda çıxışı zamanı ilk növbədə beynəlxalq ictimaiyyəti Ermənistanın təxribatçı hərəkətlərdən çəkindirməyə çağırdı, eyni zamnada bildirdi ki, təcavüzkarın silahlla təchiz edilməsi siyasətinə son qoyulmalıdır. Bundan savayı, Prezident İlham Əliyev BMT kürsüsündən bütün beynəlxalq ictimaiyyətə xitabən bildirdi ki, Ermənistan nəinki danışıqlardan imtina edir, eyni zamnada “yeni ərazilər uğrunda yeni müharibə”yə hazırlaşır. Bu yeni müharibədə Ermənistan Azərbaycanın böyük şəhərlərinə,  mühüm mülki infrastruktruna, o cümlədən onlarla ölkənin enerji təhlükəsizliyini təmin edən dünyanın nəhəng Səngəçal neft-qaz terminalına da hərbi zərbə endirəcəyi ilə hədələyir.

Beynəlxalq birlik Azərbaycanın dövlət rəhbərinin bu xəbərdarlıqlarından lazımi nəticə çıxarmadı. İşğalçını yerində otuzdurmadılar. Prezident İlham Əliyevin oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində  qeyd etdiyi kimi,  “ Paşinyan dünya liderlərinə dəfələrlə zəng etdikdə və Azərbaycandan şikayət etdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər ki, sən danışıqlar prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sən azərbaycanlıların hisslərini təhqir etdin. Ona görə sən bunun üçün məsuliyyət daşımalısan.”,- kimi prinsipial mövqe ortaya qoymalı idilər. Həmin mövqe hələ də yoxdur. Nəticəsi isə bəllidir. Bu münaqişənin həlli missiyasını üzərinə götürən ATƏT-in  Minsk qrupunun 3 həmsədr dövlətindən hansı biri 30 il ərzində torpaqlarının işğal altında qalması faktına dözərdi? Yəqin ki, heç biri. Buna baxayaraq, onlar 30 ildir ki, usanmadan həm “münaqişə ilə bağlı status-kvo vəziyyəti qəbuledilməzdir” deyirlər, həm də eyni müvəffəqiyyətlə “müharibənin hərbi həlli yoxdur” psevdopasifist tezisi beynəlxalq ictimai fikrə sırımaqla məşğuldurlar. Nəticədə işğalçı Ermənistanda arxayınçılıq sindromu formalaşır və cəzasızlıq rejimin hökm sürdüyü bir reallıqda yeni cinayətlər və təxribatlar törətməyə şirniklənmiş olur.

Bu prosesdə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransa və onun siyasi rəhbərliyi izafi “fəal”lıq nümayiş etdirir.  Bəlkə də, Fransa sözügüdən qurumun üzvü olmasaydı və  ermənipərəst mövqeyini milli səviyyədə ifadə etsəydi, bu haradasa başa düşülən olardı. Məsələ ondadır ki, Fransa münaqişənin həllində vasitəçilik missiyasını daşıyan ATƏT-in  Minsk qrupunun  həmsədri statusunda olan 3 dövlətdən biridir. Beynəlxalq hüquqa görə, münaqişələrin tənzimlənməsində vasitəçi olan tərəf və ya tərəflər ilk növbədə qərəzsiz, tərəfsiz, obyektiv və neytal mövqedə olmalıdır. Reallıqda isə Fransa dövləti  öz prezidentinin timsalında beynəlxalq hüquqda vasitəçililər üçün müəyyən edilmiş norma və prinsiplərə nəinki məhəl qoymur, əslində onları ayaqlar altına atıb tapdalıyır. Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ ərazilərini geri qaytarmasına imkan verməyəcəklərini bəyan edir. Belə həmsədri olan ATƏT-in Minsk qrupunun  vasitəçilik missiyasının  iflasa uğraması  təəccüb doğurmamalıdır. Elə bu səbəbdən də Azərbaycan ictimaiyyəti haqlı olaraq Fransa dövlətinin münaqişənin tənzimlənmısi prosesində ATƏT-in Minsk qrupunda həmsədr kimi qalmasına heç bir mənəvi və hüquqi haqqının qalmadığını  bildirir. 

Bütün bu reallıqlar fonunda sanki həm də Ermənistanın dövlət başçısı kimi özünü aparan Fransa prezidenti Emmanuel Makron oktyabrın 2-də yenidən Azərbaycan Prezidenti İlham Əliyevə  telefonla zəng edərək,  növbəti dəfə atəşkəsin bərpa olunması və sülh danışıqlarına başlanılması ilə bağlı mövqeyini irəli sürmüşdür. Dövlətimizin rəhbərinin formalaşmış  yeni şəraitdə münaqişənin həlli imkan və perspektivləri ilə bağlı mövqeyi beynəlxalq ictimaiyyətə, o cümlədən Fransa rəhbərliyinə bəllidir. Həmin mövqeyə görə, “Biz “bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır. Ermənistana kömək etmək istəyənlər onların, belə demək mümkünsə, yaxın tərəfdaşları qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayiş etdirin, atəşi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir.”

Beləliklə, Ermənistanın siyasi-hərbi rəhbərliyi Azərbaycan torpaqlarının işğalına son qoymağa hazır olduğunu rəsmən bildirməli, beynəlxalq zəmanət altında öhdəlik götürməli və konkret əməli addımlar atmalıdır. Yalnız bu halda Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən konkret zaman qrafiki çərçivəsimdə çıxarılması məsələsi yüksək səviyyəli Azərbaycan-Ermənistan danışıqlarının predmeti ola bilər. Bu məqsədlə məlum münaqişə ilə bağlı BMT TŞ-nın 853-cü qətnaməsində nəzərdə tutulan erməni silahlı qüvvələrinin işğal ərazilərindən çixarılması zamanı ilə bağlı dəqiq qrafik yenilənməlidir.