YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Dünya haqlı tərəf olan Azərbaycanı dəstəkləməli və beynəlxalq hüququn yanında olmalıdır

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı otuz ildir eyni çağırışlar edilir. Həmsədrlərlə dəfələrlə görüşmüşəm. İşğalçı ilə Azərbaycana eyni münasibət göstərirlər. Ermənistana Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıx deyirlərmi? Bunun belə davam etməyəcəyini bütün dünya anlamalıdır. Müvafiq qərarlara baxmayaraq, Azərbaycanın işğal olunmuş torpaqları azad edilməyib. Amma hər zaman hücum edən Ermənistan olub. Öz torpaqlarını azad etmək üçün mübarizə aparan Azərbaycan isə mülki əhalinin yaşadığı obyektləri hədəfə almır. Çətin vəziyyətə düşən Ermənistan Gəncəni, Tərtəri, Xızını atəşə tutur. Bu, müharibə cinayətidir.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə deyib.

Mövlud Çavuşoğlu bildirib ki, bütün çağırışların hamısı atəşkəsə istiqamətlənib. Hamı atəşkəsə çağırışı edir. Atəşkəs indiyədək olub və nəticəsi nə olub? Qısa müddətdən sonra ermənilər yenə hücum ediblər. Atəşkəs elan edilsin, amma nəticəsi nə olacaq?

“Biz Azərbaycanla iki dövlət, bir millətik. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu məsələdə ikili standartlar olmamalıdır. Dünya haqlı tərəf olan Azərbaycanı dəstəkləməli, beynəlxalq hüququn yanında olmalıdır”, - deyə Türkiyənin Xarici İşlər naziri vurğulayıb.