YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan xalqının şanlı mübarizəsinin əsasında Prezident İlham Əliyevin sarsılmaz iradəsi dayanır

“İşğalçı Ermənistan dövləti özünün faşist siyaətini davam etdirir. Oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərinin növbəti dəfə raket hücumuna məruz qalması Paşinyan hakimiyyətinin növbəti hərbi cinayətidir. Beynəlxalq təsisatlar, dünya ölkələri bu cinayətə açıq şəkildə münasibət bildirməlidir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, dünya birliyinin Ermənistanı sərt şəkildə qınamaması Paşinyan hakimiyyətinin cinayət əməllərinin davam etməsinə imkan yaradır. Amma oktyabrın 17-də Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində bəyan etdi ki, belə namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz. Şübhə yoxdur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu cinayətlərə görə məsuliyyət daşıyacaq. Azərbaycan işğalçıların cavabını döyüş meydanında verir və Gəncə qətlimanın qisası alındı. Belə ki, təkcə həmin gecə düşmənin xeyli sayda canlı qüvvəsi və xeyli texnikası məhv edilib. Xalqa müraciətində cənab Prezident qələbə müjdəsini də verdi. Füzuli şəhəri və bir neçə kənd işğaldan azad edildi. Bu qələbələr şəhidlərimizin ruhunu da şad edir.

Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı həm xarici televiziya kanallarına müsahibəsində, həm də Azərbaycan xalqına müraciətində bəyan edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək: “Cənab Prezident Ermənistan hakimiyyətinə xəbərdarlıq edib ki, işğalçı hərbi birləşmələrini torpaqlarımızdan çıxarsın. Əks halda, Azərbaycan Ordusu onların hamısını sona qədər torpaqlarımızdan qovacaq. Bu yolda Azərbaycanı heç bir qüvvə dayandıra bilməz. Çünki bizim yolumuz haqq yoludur və tarixi reallığa, eləcə də beynəlxalq hüquqa əsaslanır. Prezident İlham Əliyev dəfələrlə erməni xalqına da müraciət edərək hərbi xunta rejimini məsuliyyətə cəlb etsin, insanlar öz övladlarını Azərbaycan torpaqlarına döyüşməyə göndərməsin. Artıq erməni cəmiyyətində hakimiyyətə qarşı ciddi etirazlar başlayıb. Bu isə o deməkdir ki, sadə ermənilər Azərbayan torpaqlarının işğaldan azad edilməsinin vacibliyini anlayır və bu səbəbdən də hakimiyyətə təzyiqlər göstərirlər”.

Sevinc Fətəliyeva qeyd edib ki, bu gün bütün Azərbaycan cəmiyyəti qələbəyə köklənib. Onun fikrincə, xalqımız vahid amal uğrunda birləşib və ölkəmizdə güclü birlik və həmrəylik mövcuddur: “Azərbaycan xalqının bu mübarizəsinin əsasında Prezident İlham Əliyevin sarsılmaz iradəsi dayanır. Bu gün hər bir vətəndaş Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar, eləcə də qeyri-hökumət təşkilatları da bu prosesdə fəal iştirak edir, erməni vandalizminə son qoyulması ilə bağlı beynəlxalq birliyə çoxsaylı müraciətlər edirlər. Bütün bunlar bir daha cəmiyyətimizin vahid ideya ətrafında birləşməsinin göstəricisidir”.