YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Onlar bir ailənin deyil, bütün xalqın şəhididir

Siyavuş Novruzov

Regional Məsələlər Komitəsinin sədri,

YAP İdarə Heyətinin üzvü                      

Bu günlərdə başda Yeni Azərbaycan Partiyası olmaqla, ölkənin bir sıra siyasi və qeyri hökümət təşkilatları şəhid ailələrinə, həmçinin, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış əsgər, zabir heyətinə və eyni zamanda terror nəticəsində zərər çəkmiş mulki əhaliyə maddi və mənəvi dəstək göstərir.

Hərbçilərimizin, şəhidlərimizin ailələrinin xidmətində durmaq, onlara maddi-mənəvi dəstək vermək hər birimizin borcudur. Bu gün Yeni Azərbaycan Partiyası tərəfindən Gəncədə erməni terroru nəticəsində həlak olan mülki şəxslərin ailə üzvlərinə maddi yardım göstərir. YAP valideynləri düşmənin raket həmləsindən həlak olan uşaqları himayəyə götürüb, onların hər birinə yetkinlik yaşına çatana qədər 300 manat təqaüd verəcək.

Bu gün hər bir təşkilat, hər bir qurum bu məsələdə aktiv olmalıdır. Xaricdə yaşayan soydaşlarımızın da bu prosesdə aktivliyi arzuediləndir. Ola bilsin ki, xaricdəki hansısa soydaşımız yaşadığı ölkənin vətəndaşıdır. Lakin onun milliyyəti azərbaycanlıdır. O, xarici ölkə vətəndaşı olduğu üçün gəlib orduda xidmət edə bilmir. Ancaq onlar vətəndaşı olduqları ölkədə də dövlətimizə, ordumuza maddi yardım vasitəsi ilə öz dəstəyini göstərə bilər. Bununla da hər hansı şəhid ailəsinin maddi baxımdan təminatına kömək edə bilər.

Əlbəttə ki, dövlətimiz güclüdür. Ali Baş Komandanımızın rəhbərliyi altında çox böyük işlər gedir. Bu günə qədər şəhid ailələrinə, əllillərimizə, müharibə veteranlarına, məcburi köçkünlərimizə dövlətimiz çox böyük dəstək verib, onlara kömək edib. Onların mənzil-məişət şəraiti yaxşılaşdırılıb, müavinatlar artırılıb, nəqliyyat vasitələri ilə təmin olunub, ali məktəblərdə təhsil alan şəhid və məcburi köçkün uşaqları təhsil haqqından azad edilib. Dövlətimiz onların təhsil haqqının ödənilməsini öz üzərinə götürüb. Bütün bunlarla yanaşı, hər bir vətəndaşımız, hər bir təşkilatımız çalışmalıdır ki, əlindən gələni əsirgəməsin.

Şəhid olan hər hansı bir vətəndaşımızın yoxluğunu unutdurmaq mümkün deyil. Şəhid bütün xalqın şəhididir. O, bir ailəyə mənsub deyil. Bununla yanaşı, şəhid ailələrinə həm maddi, həm də mənəvi dəstəyin göstərilməsi olduqca vacib amildir.

Hesab edirəm ki, qeyd edilən təşkilatların atdığı bu addım çox yaxşı və  təqdiredicidir. Allahdan şəhidlərimizə rəhmət diləyirəm, yaralanmış hərbçilərimizə şəfa arzulayıram”.