YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elnur Allahverdiyev: İşğalçı dövlət artıq məğlub olduğunu anlayıb

"Bu gün Azərbaycan xalqı öz Prezidentinin, Ali Baş Komandanın ətrafında sıx birləşib. Ölkəmizdə yaşından, siyasi mənsubiyyətindən və sosial statusundan asılı olmayaraq hər bir vətəndaş vahid amal uğrunda – Vətən uğrunda mübarizəyə qoşulub. Məhz bu birlik, milli həmrəylik Azərbaycan xalqının öz torpaqlarını düşmən işğalından azad etmək uğrunda apardığı haqq döyüşündə uğurlu qələbələr qazanmasını təmin edib". Bu fikirləri Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Elnur Allahverdiyev bildirib ki, sentyabrın 27-dən etibarən erməni tərəfinin növbəti hərbi təxribatlarına cavab olaraq başlanılan əks-hücum əməliyyatları qısa zamanda kəndlərimizin, şəhərlərimizin, qəsəbələrimizin azad edilməsinə yol açıb. Ali Baş Komandanımızın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin apardığı döyüş əməliyyatlarına, qazanılan uğurlara toxunan E.Allahverdiyev bildirib ki, qısa zaman kəsiyində strateji mövqelərin, yüksəkliklərin erməni işğalından azad olunması Ordumuzun gücünün, texniki təchizatının, ən önəmlisi isə ruh yüksəkliyinin göstəricisinə çevrilib.

Erməni silahlı birləşmələrinin öz mövqelərini atıb qaçmasına gəldikdə isə, millət vəkili onu deyib ki, işğalçı dövlət artıq məğlub olduğunu anlayıb. "Azərbaycan Prezidenti cənab İlham Əliyev sentyabrın 27-dən bu günə kimi bir çox xarici dövlətlərin KİV-lərinə verdiyi müsahibələrdə səsləndirdiyi fikirləri ilə Ermənistanın indiyə qədər apardığı yalan təbliğatı ifşa etdi. Prezidentimizin müdrik zəkası, yüksək siyasi qabiliyyəti bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki uğurlu yerini formalaşdırıb. Qeyd etmək istəyirəm ki, hərb meydanında rəzil məğlubiyyətə düçar olan düşmən informasiya müharibəsində də diz üstə çökdürülüb. Bu gün dünyanın bütün aparıcı media orqanları Azərbaycan Prezidentinin fikirlərinə yer ayırır, Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bu amil müasir dövrdə ən vacib elementlərdəndir. Azərbaycan bir daha yerləşdiyi regionun lider dövləti olduğunu, böyük bir coğrafiyanın aparıcı iqtisadi, siyasi və hərbi aktoruna çevrildiyini təsdiqləyir", – deyən E.Allahverdiyev onu da əlavə edib ki, bədnam və faşist ideologiyasına xidmət edən Ermənistan bütün cəbhələrdəki açıq məğlubiyyətini sığortalamaq üçün dinc əhalini hədəfə alır, yaşayış məntəqələrimizə hücumlar təşkil edir. Gəncə şəhərinə edilən xain raket hücumları nəticəsində günahsız körpələrin qətlə yetirildiyini, Bərdə, Ağdam, Tərtər, Beyləqan, Füzuli rayonlarının, Mingəçevir şəhərinin mütəmadi olaraq ağır artilleriya və ballistik raketlərlə atəş altında saxlanıldığını, cəbhə xəttindən olduqca uzaqda yerləşən Qəbələ, Kürdəmir rayonlarının hədəfə alındığını diqqətə çatdıran millət vəkili bu faktların ermənilərin terrorçu mahiyyətindən xəbər verdiyini də xatırladıb. Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyinə qətiyyətli inamını ifadə edən E.Allahverdiyev Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır!" şüarının yaxın zamanlarda Şuşada, Xankəndidə səslənəcəyini deyib.