YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Paşinyan tarixdə “uşaq qatili” kimi qalacaq və daim lənətlənəcək

    “Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ermənilərin illərdir yaratdıqları “məğlubedilməz ordu”  mifini dağıdır. Bu, təkcə hərbi üstünlük və qələbə deyil, həm də ideoloji müstəvidə Ermənistanı məğlub etmək deməkdir. İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Azərbaycanın mükəmməl texnologiyasının və çox yüksək döyüş ruhunun olduğunu önə çəkən möhtərəm Prezidentimiz İlham Əliyev bildirdi ki, ölkəmiz Ermənistana kimin kim olduğunu sübut etdi.”

  Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

   V.Rəhimzadə qeyd edib ki, Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin-Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən humanitar atəşkəs razılaşmasını pozması, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Cenevrə görüşlərindən sonra yenə də təxribatlarını davam etdirməsi işğalçı dövlətin  prosesi qarşıdurmanın davamına doğru yönəltməkdə maraqlı olduğunu nümayiş etdirir: «Münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyi belədir ki,  hərbi-siyasi nizamlama yeganə mümkün yoldur. İşğal altında olan bütün ərazilər azad olunmalı, Ermənistan ordusunu zəbt etdiyi ərazilərdən  geri çəkməlidir. Yalnız bundan  sonra siyasi nizamlama prosesinə keçmək olar. Dövlətimizin başçısı İlham  Əliyev aydın şəkildə münaqişənin sülh yolu ilə həlli mexanizmini  diqqətə çatdırır və xalqların sülh şəraitində yaşamasını təmin edəcək model təklif edir. Amma Ermənistanın baş naziri Nikol Paşinyanın son müsahibələrinə diqqət yetirdikdə bu siyasətdən və diplomatiyadan bixəbər avantürüstün  feyk xəbərlərin yayılmasında, beynəlxalq ictimai rəyi çaşdırmaqda nə qədər maraqlı olduğunu görürük. Paşinyan azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşamasına şübhə edərək  Dağlıq Qarabağda “soyqırımın” olmasından qorxduğunu bildirməklə  hələ də yalanlarının ayaq tutub yeriyəcəyini düşünür. Unudur ki, soyqırımına məruz qalan hər zaman Azərbaycan olub. Ermənistan və ona havadarlıq edən dövlətlər unutmamalıdırlar ki, artıq Azərbaycan 1992-ci illərin Azərbaycanı deyil. O zaman Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının qarşısında “yaşıl işıq” yandırmışdı. Amma bu gün o «işıqlar» Azərbaycan həqiqətlərinin faktlar əsasında dünya ictimaiyyətinə çatdırılması əsasında sönüb. Bu, sınaqlardan çıxmış bir həqiqətdir ki, tarixi inkar etmək mümkünsüzdür. Ermənilər tarixin müxtəlif dövrlərində havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçiriblər. Bir məqamı da xüsusi qeyd edək ki, bu gün  Ermənistandan fərqli olaraq Azərbaycan multietnik, çoxkonfessiyalı ölkədir. Burada müxtəlif xalqların, millətlərin nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayırlar.  Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Ermənistan monorespublikadır. Ölkə Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, xunta rejiminin rəhbərliyi altında olduğundan fərqli olaraq burada daha yaxşı həyat sürəcəklər.»

Baş redaktor qeyd edib ki, atdığı hər addımda özünün  işğalçılıq, faşist siyasətini təsdiqləyən Ermənistan hakimiyyəti  nə yolla olur-olsun danışıqlar prosesini uzatmağa və  müəyyən dəstək  əldə etmək üçün  hər bir feyk üsuldan  istifadə etməyə çalışır: «Dağlıq Qarabağda soyqırımı olacağından qorxduğunu iddia edən Ermənistanın baş naziri görəsən  mülki şəxslərin atəşə tutulması əmrini verib,  iki dəfə Gəncədə, sonra Bərdədə soyqırımı aktını törədəndə niyə qorxmurdu?  Halbuki, bu vəhşiliklər dünyanın gözü qarşısında baş verib. Son bir ayda Ermənistan silahlı qüvvələrinin mülki şəxsləri atəşə tutmaları nəticəsində Azərbaycanın dinc əhalisi arasında  ölən və ağır yaralananların statistikası dünyanın aparıcı  dövlətlərinə və nüfuzlu beynəlxalq təşkilatlara yaxşı məlumdur. 92 nəfər ölüb, 400-dən artıq insan ağır yaralanıb. Onların 11-i uşaqdır. Paşinyan tarixdə Gəncə və Bərdə hadisələrinə görə “uşaq qatili” kimi qalacaq və daim lənətlənəcək.»

       Baş redaktor vurğulayıb ki, Ermənistanın döyüş meydanında  məğlubiyyəti ilə barışmayıb  törətdiyi təxribatlar xalqımızın iradəsini sındıra bilməz: «Azərbaycan Ordusu qətiyyətlə irəliləyir. Hər gün təqdim olunan işğaldan azad olunmuş ərazilərimizin siyahısı hər kəsi daha da qürurlandırır, qələbə əzmini artırır. Azərbaycan həm Ermənistana, həm də ona havadarlıq edən dövlətlərə və nüfuzlu beynəlxalq təşkilatlara sübut edir ki, haqq, ədalət mübarizəsi aparır, öz ərazisində döyüşür, təcavüzkar deyil, heç bir dövlətin torpağında gözü yoxdur. Paşinyanın dünya ölkələrinin rəhbərlərinə saysız-hesabsız zənglərində Dağlıq Qarabağın müstəqilliyinin  tanınması ilə bağlı yalvarışlarına, cənab Prezidentimizin dediyi kimi,  onların dabanlarını yalamasına  cavab Azərbaycanın bu gün istər regionda, istərsə də dünya siyasətində yaratdığı reallıqlardır. Baş nazir danışıqların formatını dəyişib qondarma rejimin qondarma rəhbərini tərəf kimi bu prosesə cəlb etmək istəyəndə, təhqiramiz davranış nümayiş etdirib Şuşada sərxoş vəziyyətdə rəqs edəndə, «Qarabağ Ermənistandır və nöqtə» bəyanatını səsləndirərək 27 ildə danışıqlar prosesində az da olsa əldə edilmiş irəliləyişin qarşısını alanda  bunun hansı acı nəticələrə gətirib çıxaracağını düşünməli idi.»