YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Ermənistan təcrid olunub, onun münaqişəni beynəlmiləlləşdirmək cəhdləri faydasızdır

Ermənistan lap əvvəldən münaqişəni beynəlmiləlləşdirmək istəyirdi və biz həmişə buna qarşı idik. Mən dəfələrlə bütün ölkələrə demişəm, bu münaqişədən uzaq durun. Bu, bizim məsələmizdir, bu, ərazi bütövlüyü uğrunda bizim döyüşümüzdür. Münaqişəni beynəlmiləlləşdirmək üçün heç bir cəhd olmamalıdır. Lakin Ermənistan bunun üçün hər şeyi etdi.

Prezident İlham Əliyev bu fikirləri İspaniyanın EFE agentliyinə müsahibəsində səsləndirib.

“Ermənistanın baş nazirinin Rusiya Prezidentinə göndərdiyi məktub təkcə onların öz məğlubiyyətini artıq qəbul etdiyini, bizim döyüş meydanında onlara qalib gəldiyimizi göstərmir, eyni zamanda, onu göstərir ki, onlar münaqişəni beynəlmiləlləşdirmək istəyirlər, onlar Rusiyanı birbaşa müharibədə iştiraka sürükləmək istəyirlər, bu da tamamilə qəbuledilməzdir. Mənim bildiyimə görə, bu, Rusiya tərəfindən rədd edilmişdir və Rusiyanın xarici işlər naziri bununla bağlı bəyanat vermişdir. Ola bilsin, bunu lap dəqiqliklə ifadə etmirəm, lakin belə bir mesaj var idi ki, döyüş Azərbaycanın ərazisində aparılır. Əgər Azərbaycan, əgər istənilən ölkə Ermənistana hücum etsə, onda Rusiya öhdəliyini yerinə yetirməlidir. Lakin döyüş bizim torpağımızda gedir. Hesab edirəm ki, bu cəhdlər tamamilə faydasızdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident qeyd edib ki, Rusiyanın mövqeyi xarici işlər naziri tərəfindən ifadə olunub. Bu yaxınlarda İranın Ali Rəhbəri Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini boşaltmalı olduğu ilə bağlı bəyanat verib. Bu, iki qonşu ölkənin reaksiyasıdır. Türkiyənin mövqeyi yaxşı bəllidir. Həmçinin Gürcüstan da dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Prezident İlham Əliyev daha sonra deyib: “Ermənistan təcrid olunub. Onlar münaqişəni beynəlmiləlləşdirmək istəyirlər, onlar dəstək qazanmaq üçün bəzi feyk xəbərlərdən və tarixdən olan bəzi feyk məlumatlardan istifadə etmək istəyirlər. Lakin Ermənistan üçün ən yaxşı hərəkət öz məğlubiyyətini, bizim qələbəmizi qəbul etmək və yerdə qalan torpaqları boşaldacaqlarına dair üzərinə öhdəlik götürməkdən ibarətdir”.