YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qarabağ Azərbaycandır və nida” ifadəsi qələbəmizin rəmzinə çevrilib

Xatirə Əliyeva,

YAP Mətbuat xidmətinin əməkdaşı,

Siyasi elmlər üzrə fəlsəfə doktoru,  

Əməkdar jurnalist

Sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun gücünü, qüdrətini, yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirdi. Noyabrın 8-də xalqımız daha bir zəfər xəbərindən qürurlandı. Möhtərəm  Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi 28 ildən artıq həsrətlə bu günü gözləyən xalqımıza sonsuz sevinc  hissi yaşatdı. Cənab İlham Əliyev Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarını davam etdirərək şəhərlərimizi, kəndlərimizi, strateji yüksəkliklərimizi bir-birinin ardınca işğaldan azad etdiyi günlərdə xarici mətbuata  müsahibələrinin birində “Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların gözü-qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı verdiniz, inşallah” sualına cavabında bildirmişdir ki, istiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir.  Ancaq  Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimiz, qədim mədəniyyət ocağıdır.  Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, dövlətimizin başçısı, Ali Baş Komandan  yarım qalan işi tamamladı. Şuşamız işğaldan azad olundu. Azərbaycan Ordusu 28 ildən artıq dövrün hər  gününün, hər saniyəsinin qisasını aldı. Azadlığın mübarək, Qarabağın ürəyi  Şuşamız!  Xalqımız Şuşanın azad olunması sevincini  Dövlət Bayraq Günü ilə  birgə yaşadı. Bu gün sevincimizə sevinc qatan təbii ki, müstəqilliyimizin, suverenliyimizin, kimliyimizin, qürurumuzun rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad olunmuş ərazilərimizdə dalğalanması, bir daha enməməsinə əminliyimizdir. Paytaxt və bölgələrimizdə, şəhər və qəsəbələrimizdə, dünyanın müxtlif ölkələrində keçiriən yürüşlərdə  zəfər sevincimiz paylaşılır.  Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində  bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmır. Biz şanlı qələbəmizi döyüş meydanında qazandıq.

  Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı daim bu əminliyi ifadə edirdi ki,  dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti, diplomatik uğurlarımız, güclü Ordumuz,  birliyimiz, həmrəyliyimiz sayəsində   tarixi torpaqlarımıza, o cümlədən  mədəniyyət beşiyimiz olan Şuşamıza  qayıdacağıq.  Dövlətimizin başçısı İlham Əliyevin elə bir çıxışı yox idi ki, bu əminlik ifadə olunmasın- Üçrəngli bayrağımız Qarabağda,  Şuşada, Xankəndidə dalğalanacaq.  Xalqımızın bu həsrətinə  Ölkə Prezidenti  “Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”çağırışı ilə son qoydu.

  Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə  hərb variantı istisna edilmir. Bu əminlik haqqın, ədalətin, beynəlxalq hüququn bizim tərəfimizdə olmasına, Azərbaycan Ordusunun gücünə, döyüş ruhuna əsaslanırdı.  Xalqımız bu gün Silahlı Qüvvələrimizin qəhrəmanlığı, rəşadəti ilə qürur duyur. Cənab İlham Əliyev kimi  qətiyyətli, dövlətinin, xalqının bugününü, gələcəyini düşünən  lideri olan dövlət hər sahədə liderliyini qoruyacaq, dəyişməz mövqeyini bəyan edəcək,  müstəqil siyasəti ilə dünyada söz sahibi olduğunu təsdiqləyəcək. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı bunu bir daha təsdiqlədi. Son 45 gündə dövlətimizin qətiyyəti, Azərbaycan Ordusunun gücü,  döyüş meydanında qazandığımız qələbələr, eyni zamanda, Qarabağın tacı olan Şuşamızın işğaldan azad edilməsi bu tarixi bəyanatı şərtləndirdi. Dövlətimizin başçısı, Alı Baş Komandan İlham Əliyev noyabrın 10-da xalqa müraciətində  bir daha bildirdi ki, “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq qələbəmizin rəmzinə çevrildi.

     Bu gün  hər bir Azərbaycan vətəndaşı Dağlıq Qarabağ münaqişəsinin  Azərbaycanın qələbəsi ilə başa çatması sevincini yaşayır. Gözün aydın  olsun Azərbaycan! Gözünüz aydın olsun Dünya Azərbaycanlıları! Qoy Uca Tanrı Prezidentimizi,  Ordumuzu, xalqımızı, Vətənimizi  qorusun!