YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Ermənilər faşizm ideologiyasının davamçısı olduqlarını hər addımlarında təsdiqləyirlər

   “Azərbaycan tarixi qələbəsinin sevincini yaşayır. Noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin  9 bəndlik birgə bəyanatı ölkəmizin zəfərinin təsdiqi olmaqla yanaşı, bu qələbəmizin beynəlxalq miqyasda tanınması, dəstəklənməsidir. Sənədə əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycanın nəzarətinə verilməli idi. Amma Ermənistan tərəfi  qanunsuz olaraq yerləşdirilmiş insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Humanist ölkə olduğunu hər addımında nümayiş etdirən Azərbaycan yenə də  humanizm prinsiplərinə sadiq qalaraq,  Ermənistan ordusunun və qanunsuz olaraq yerləşdirilmiş insanların Kəlbəcər rayonundan çıxarılması üçün əlavə 10 gün vaxt verərək müddəti noyabrın 25-dək uzatdı. Düşünürük ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar  bu günlə  27 il bundan öncənin reallıqlarının  müqayisəsi fonunda  düzgün dəyərləndirmə aparıb  erməni vəhşiliklərini  bir dəfə də olsa, etiraf edərlər.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

   M.Həsənov qeyd edib ki, qeyri-qanuni yaşadıqları Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürür, üstəlik yaşadıqları və yaşamadıqları evləri yandırırlar: “Onlardan fərqli olaraq 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub,  dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə yüzlərlə  dinc sakin həlak olub,  girov və ya itkin düşüb. Erməni hərbi birləşmələri əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. Azərbaycanın humanistliyi qarşısında diz çökən Ermənistan  rəhbərliyi   öz qəddarlıqlarını unutmaq imkanında deyil. Baxmayaraq ki, illərdir özlərini dünyaya “yazıq, məzlum, döyülən və əzilən” millət kimi təqdim edirlər.

   “Azərbaycan Ordusunun tarix yazdığı 44 günlük müharibə zamanı  da dünya ictimaiyyəti dövlətimizin humanist siyasətinin şahidi oldu” söyləyən millət vəkili vurğulayıb  ki, döyüş meydanında məğlubiyyətini həzm edə bilməyən Ermənistan baş naziri Nikol Paşinyanın əmri ilə iki dəfə  Gəncə, sonra  Bərdə raket atəşinə tutuldu, günahsız insanlar həlak oldu, ağır yaralandı: “Dinc əhalini atəşə tutmaq beynəlxalq cinayətdir. Amma dünya gördüklərini görməzdən gəldi. İşğalçı dövlət  dinc əhalimizə qarşı nə qədər qəddarlıq nümayiş etdirsə də, soyqırım aktı törətsə  də, Azərbaycan tərəfi heç zaman  mülki əhalini hədəfə almadı. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin  mahiyyətinin, ən əsası ermənilərin əsl simasının dünya ictimaiyyətinə çatdırılmasında zəngin mənbə olan 30-a yaxın müsahibəsinin hər birində bu faktı  dəfələrlə bəyan etdi ki, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycanın Müzəffər Ordusu müharibə qaydalarına ciddi riayət edərək  qadağan olunmuş silahlardan istifadə etmir və mülki əhalini hədəfə almır. Bu gün Kəlbəcərdə qanunsuz yerləşən ermənilərin təhlükəsiz şəkildə, atəşə tutulmadan rahat şəkildə rayonu tərk etmələri də bunun bir daha təsdiqidir.”

  “Ermənilər yenə də xislətlərini nümayiş etdirirlər. Onlar faşizm ideologiyasının davamçısı olduqlarını hər addımlarında, o cümlədən  Kəlbəcərdə evlərə və meşələrə od vurmaqla bir daha təsdiqləyirlər. Erməni vandalizminin, barbarlığının şahidi olan dünya yenə də seyrçi mövqedə dayanmağa üstünlük verir. 30 ilə yaxın müddətdə bu susmaların yol açdığı problemlərin şahidinə çevrilən Azərbaycan 44 gündə beynəlxalq hüququn mövcudluğunu dünyaya çatdırmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına necə icra etdisə, eləcə də Ermənistanın cinayət əməllərinə, vandallığına, barbarlığına, ekoloji terror həyata keçirməsinə görə beynəlxalq hüquq çərçivəsində layiq olduğu cəzanın almasına nail olacaq. Bunu Azərbaycan dövlətinin qətiyyətli mövqeyi, ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan siyasəti diktə edir. Hazırda siyasi-diplomatik müstəvidə müharibə davam edir. Azərbaycan yeni reallıqlar yaratmaqla regionun geostrateji mənzərəsini dəyişir.  Möhtərəm  Prezidentimizin  vurğuladığı kimi, İkinci Qarabağ müharibəsindən sonra yeni həyat başlayacaq, ölkəmizdə müsbət istiqamətdə böyük dəyişikliklər müşahidə olunacaq.”-deyə, M.Həsənov bildirib.

DİGƏR Xəbərlər Arxiv