YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

28 il - Yeni Hədəflərə və Zəfərlərə doğru!

Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyəti ilə bilavasitə bağlıdır. Tarixi zərurətdən yaranan partiya müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi və demokratiyanın yaranması və inkişafında mühüm rol oynayıb.

Müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini məhz ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması təşkil edir. Bu mərhələni ona görə qürur və iftixar hissi ilə şanlı tarix adlandırırıq ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə xaos və hərc-mərclik içində olan, vətəndaş müharibəsi və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanın xilasının, tənəzzüldən azad olaraq tərəqqi yoluna nail olmasının əsası qoyuldu.

Həqiqətən də yarandığı gündən bu günə kimi, müstəqil Azərbaycanın keçdiyi şanlı yolun böyük və əhəmiyyətli hissəsi, bilavasitə Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır. Əslində, Yeni Azərbaycan Partiyasının 28 illik tarixi, müstəqil Azərbaycanın yeni tarixini əks etdirir. Çünki partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə və tərəqqisinə öz töhfələrini əsirgəməyib. Zamanın sınaqlarından uğurla çıxan demokratik və sivil cəmiyyətdə xüsusi fəaliyyəti ilə seçilən Yeni Azərbaycan Partiyası uzun və keşməkeşli yol qət edən və hazırda iqtidar partiyası kimi istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə öz sözünü deyərək, Azərbaycanın inkişaf və tərəqqisində öz nəhəng töhfələrini verməkdə davam edir. Xalqımızın mütləq əksəriyyəti YAP-ın avanqard rolunu, onun təkamül yolu ilə ölkəmizi uğurdan-uğura apardığını qəbul edir, bundan qürur duyaraq hər zaman ona dəstək verir. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyasının gücü bu gün Azərbaycanın milli gücü, qüdrəti kimi xarakterizə edilir.

Təqdirəlayiq haldır ki,  Yeni Azərbaycan Partiyası hər zaman gəncliyin inkişafına xüsusi diqqət yetirir. Bu gün ölkədə ən kütləvi və mütəşəkkil siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası sıralarında 750 mindən artıq üzvü birləşdirir və çox sevindirici hal ondan ibarətdir ki, gənclər partiyaya üz tuturlar. Gənclərin axını partiyamızın gələcək inkişafı üçün də əsas şərtlərdən biridir. Həyata keçirilən bir çox layihələr, gənclərin tədbirlərinə dəstək verilməsi, onlar üçün geniş imkanların yaradılması buna əyani sübutdur. Təbii ki, partiyamızda gənclərin öz bilik və bacarıqlarının üzə çıxarılması üçün geniş imkanlar yaradılıb. Partiya rəhbərliyi intellektual, fəal gənclərin bir çox təşəbbüslərini dəstəkləyir və onların cəmiyyət həyatında daha aktiv iştirak etməsi hərtərəfli dəstək göstərir. Bütün bunlara görə, Azərbaycan gəncliyinin mütləq əksəriyyəti öz siyasi talelərini YAP-la bağlayırlar.  

28 il ərzində partiyamız uğurlu və şərəfli yol keçmişdir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanmışdır və bu 28 il qələbələr salnaməsidir. Bu, təkcə statistika deyil, eyni zamanda, ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Yeni zirvələr fəth edən Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması ildən-ilə xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev böyük fədakarlıqla və qətiyyətlə YAP-ın qurucusu Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək, 9 noyabr tarixində Azərbaycan xalqına müraciətində də dediyi kimi, ata vəsiyyətini yerinə yetirdi, son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası nəticəsində işğalda olan torpaqlarımızı azad etdi, xalqın inamını özünə qaytardı. Bu gün hər bir azərbaycanlı əmindir ki, dövlət başçısının "Bizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, ölkəmizin maraqlarını müdafiə edək, ölkəmizi bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam etdirək" strateji xətti qarşıdakı illərdə də Azərbaycanın dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradacaq. İnanırıq ki, cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi altında malik olduğu potensial, xalqın inamı, ideyalarının mükəmməlliyi sayəsində Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın inkişafı və çiçəklənməsində daim fəal iştirak edəcəkdir.

Yeni Azərbaycan Partiyası İcra Katibliyi Gənclərlə iş qrupun rəhbəri

Elmar Məmmədov