YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Soltan Məmmədov: 44 günlük Vətən müharibəsinin nəticələri regionda tamamilə yeni reallıq yaradıb

“ATƏT-in Minsk qrupunun 28 il ərzində fəaliyyəti heç bir konkret nəticə verməyib. Azərbaycan münaqişəni öz gücünə həll edib”. Bu fikri Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Soltan Məmmədov bildirib ki, Azərbaycan 30 ilə yaxın bir müddətdə münaqişənin dinc yolla həlli üçün bütün imkanlardan istifadə etməyə çalışsa da, məhz Minsk qrupunun səmərəsiz fəaliyyəti, Ermənistanın qeyri-konstruktiv mövqeyi uğur əldə olunmasına imkan vermədi. Soltan Məmmədov hesab edir ki, əgər həmsədrlər həqiqətən də münaqişənin ədalətli, beynəlxalq hüququn normaları çərçivəsində həllində maraqlı olsaydılar, işğalçı ölkəyə qarşı təzyiqlər göstərilməsi, sanksiyalar tətbiq olunması istiqamətində konkret təkliflərlə çıxış edə bilərdilər: “Lakin biz bu müddətdə həmsədrlərin təcavüzkara qarşı tamamilə loyal münasibətini müşahidə etdik. Azərbaycan torpaqlarının işğalı faktına qarşı heç bir ciddi, ardıcıl etiraz bildirilmədi. Təəssüf ki, bu da Ermənistanı işğalı davam etdirməyə həvəsləndirən əsas amillərdən biri oldu”.

Millət vəkili hesab edir ki, 44 günlük Vətən müharibəsinin nəticələri regionda tamamilə yeni reallıq yaradıb. Bu müharibə yalnız hərbi-siyasi baxımdan deyil, geosiyasi və iqtisadi kontekstdə də yeni situasiya formalaşdırıb. “Azərbaycan müharibədə qalib gəlməklə, cənab Prezidentin də qeyd etdiyi kimi, regionda yeni təhlükəsizlik formatı yaradılmasına nail olub. Eyni zamanda, yeni iqtisadi əməkdaşlıq perspektivləri yaranıb. Kommunikasiyaların açılması, çoxtərəfli iqtisadi əlaqələrin qurulması regionun həyatında yeni bir mərhələnin başlanması demək olacaq”.

Soltan Məmmədov bildirib ki, yeni reallıqlar bölgədə yaşayan bütün xalqların həyatında ciddi dəyişikliklərə səbəb ola bilər. Həyata keçiriləcək irimiqyaslı layihələr region ölkələrinin və xalqlarının rifahına əhəmiyyətli töhfələr verəcək. “İndi ən əsas məsələlərdən biri bütün ölkələrin, o cümlədən Ermənistanın və erməni xalqının yeni reallığın çağırışlarını düzgün qiymətləndirməsidir. Ermənistan hakimiyyəti və dövləti də keçmişə deyil, gələcəyə baxaraq öz xalqının mənafelərini düşünməli, ölkəsinin inkişafı üçün yaranan imkanlardan istifadə etməlidir. Keçmişə ilişib qalmağın bu ölkəni nə qədər geri atdığını daha aydın dərk etməlidirlər. Hesab edirəm ki, Prezident İlham Əliyevin çıxışlarında əksini tapmış fikirlər Azərbaycan dövlətinin yeni reallıqlar fonunda gələcəyə strateji baxışının əsas konturlarını əks etdirir. Cənubi Qafqazın tarixində qarşılıqlı faydalı əməkdaşlıq dövrü başlayır. Bu tarixi anı bütün region ölkələri düzgün qiymətləndirməlidir”.