YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Vaqif Səmədoğlunun vəfatı ilə əlaqədar nekroloq verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Vaqif Səmədoğlunun vəfatı ilə əlaqədar nekroloq verildi.

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Vaqif Səmədoğlu Səməd Vurğunun ədəbi varisi olaraq doğma dilin tükənməz imkanlarından ustalıqla bəhrələnən şairin sözlərinə bu gün də sevilə-sevilə oxunan çox sayda mahnılar bəstələnmişdir.
Vaqif Səmədoğlu teatr və kino üçün yüksək sənətkarlıq keyfiyyətlərinə malik silsilə əsərlərin müəllifi idi. Bədii vasitələrin əlvanlığına və təsir gücünə görə seçilən, diqqəti taleyüklü mənəviyyat problemlərinə yönəldən bu əsərləri ona dramaturq şöhrəti gətirmişdir.
Ölkənin və cəmiyyətin həyatında baş verən proseslərə dərin vətəndaşlıq duyğusu ilə yanaşan Vaqif Səmədoğlu, eyni zamanda, ictimai xadim kimi də tanınırdı. O, azərbaycançılıq məfkurəsindən çıxış edərək mədəniyyətimizin inkişafı, milli mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün qüvvə və bacarığını əsirgəmirdi.
Vaqif Səmədoğlunun ədəbi və ictimai-siyasi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali təltifləri olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.
Görkəmli şair, tanınmış ictimai xadim və səmimi insan Vaqif Səmədoğlunun əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.
Nekroloqu hökumət və dövlət nümayəndələri, müasir ədəbiyyatın tanınmış simaları imzalamışlar.