YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir

Mən Prezident vəzifəsinə seçiləndə həm nəqliyyatda, həm də rabitə sahəsində vəziyyət bizi qane etmirdi. O vaxt yüksək texnologiyalardan, ümumiyyətlə, söhbət getmirdi, yollar bərbad vəziyyətdə idi, dəmir yolları infrastrukturu köhnəlmişdi, dəniz nəqliyyatı sahəsində hər hansı bir irəliləyiş yox idi, əksinə, bizim donanmamız böyük dərəcədə köhnəlmişdi. Bütövlükdə bu sahədə vəziyyət ürəkaçan deyildi.

Bu barədə Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir və beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur.

“Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir, hər kəs görsün ki, bu sahədə çox ciddi islahatlar aparılır və Azərbaycan reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdədir. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşürük. Dəmir yollarının səmərəliliyinə görə biz dünyada 11-ci yerdəyik. Hava nəqliyyatının səmərəliliyinə görə dünyada 12-ci yerdəyik. Yəni, bu yüksək yerləri əldə etmək böyük səylər, düşünülmüş siyasət tələb edirdi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Nəqliyyat infrastrukturuna qoyulan vəsaitin yeni vəziyyət yaratdığını bildirən Prezident deyib: “Nəqliyyat sahəsinə qoyulmuş vəsait bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir. Çünki yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz. Ona görə biz, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qurduq. Eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq. Son 17 il ərzində 17 min kilometrdən çox avtomobil yolu tikilib, həm magistral yollar, həm kənd yolları, həm də şəhərlərarası yollar. Bu proses bu gün də davam etdirilir. Eyni zamanda, azad edilmiş torpaqlarda da yol infrastrukturunun yaradılmasına bu il start verilmişdir. Biz bu işləri planlı şəkildə görəcəyik. Füzulidən Şuşa şəhərinə açılmış yeni yol onu göstərir ki, biz bu işləri faktiki olaraq ən qısa müddət ərzində görə bilirik”.