YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Qarabağımızın incisi olan Şuşa bizim üçün müqəddəsdir

“Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın xüsusi nümayəndəsi Aydın Kərimovu videoformatda qəbulu zamanı bir sıra mühüm məqamlara toxundu. Dövlətimizin başçısı Qarabağımızın incisi olan Şuşamızın bizim üçün nə qədər dəyərli və müqəddəs bir şəhər olduğunu bir daha xatırlatdı. Şuşa bizim mədəniyyət beşiyimizdir, tariximizdir. Vaxt gələcək ki, Şuşa nəinki Azərbaycanın, Cənubi Qafqazın mədəniyyət paytaxtına çevriləcək”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, ermənilər nə qədər özününküləşdirməyə çalışsalar da, Şuşa hər zaman bizim olub və bizim də qalacaq. Şuşa qədim Azərbaycan torpağıdır. Bu gün də Şuşanın azad olunmasından sonra orada iqtisadiyyatın artımı üçün bütün lazımi tədbirlər görüləcək. Bu, Prezidentin çıxışlarında da öz əksini tapmaqdadır.

“Dövlətimizin başçısı hər dəfə çıxışlarında qeyd edir ki, biz Şuşanı dirçəldəcəyik. Ötən əsrin əvvəllərində Şuşada 1700-ə yaxın ticarət obyekti qeydə alınıb və bu da şəhərin hələ bir əsr öncə xüsusi iqtisadi potensiala malik olduğunu göstərir. 1992-ci ildə, Şuşa işğal olunmamışdan əvvəl şəhərdə şərq musiqi alətləri fabriki, istehsalat kombinatı, Bakı "Radioqurma" istehsalat birliyinin müəssisəsi, Qarabağ ipək kombinatının toxuculuq sexi və digər istehsal müəssisələri var idi. Şuşada, eyni zamanda, inşaat materialları istehsalı üzrə də müəssisələr fəaliyyət göstərirdi. Turizm Şuşanın iqtisadiyyatında xüsusi yer tutur. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü turizm baxımından xüsusi üstünlüyə malikdir. 1992-ci ilədək Turşsu istirahət və müalicə zonası fəaliyyət göstərirdi”, - deyə Eldəniz Səlimov qeyd edib.

Deputat Şuşanın turizm sahəsi üzrə inkişaf potensialının olduğunu vurğulayıb: “Şuşada Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa mağara düşərgəsi, Şuşa qalası kimi tarixi abidələr və muzeylər ziyan görsə də, sürətlə bərpa işləri aparılacaq. Şuşa artıq təkcə Azərbaycanın yox, bütün Qafqazın mədəniyyət paytaxtına çevriləcək. Bu, birmənalı şəkildə qəbul edilmiş bir haldır. Bütün dünya Şuşanın zəngin mədəniyyət beşiyi olduğunu anlayacaq və görəcəkdir”.

E.Səlimov bildirib ki, Şuşanın müzəffər Ordumuzun rəşadəti və qəhrəmanlığı sayəsində işğaldan azad edilib: “Şuşa fatehləri öz əlləri ilə düşmənləri məhv edərək bayrağımızı Şuşaya sancmağı bacarıblar. Bu qəhrəmanlıq tarixi bizim dərsliklərimizdə öz əksini mütləq tapmalıdır. Bəli, bizim gələcək nəsillər bu zəfərin detallarını ən incə məqamlarını tarix dərsliklərindən öyrənməlidirlər: “Düşünürəm ki, bu barədə bütün lazımi tədbirlər görüləcək. Sonda bildirmək istərdim ki, Zəfərimizin memarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli ordumuzdur. Prezidentimizin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün biz artıq azad olunmuş torpaqlarımızda quruculuq, inkişaf barəsində tədbirlər görürük. Ordumuzun möhtəşəm şücaəti nəticəsində Qarabağımız azaddır”.