YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Cəfərov: Azərbaycan-İtaliya münasibətləri yüksələn xətlə inkişaf edir

“Son 17 ildə Azərbaycanın iqtisadi potensialının güclənməsi, reallaşdırılan şaxələndirmə siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabət qabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması təbii ki, ölkəmizin xarici iqtisadi əlaqələrində də müsbət meyillərə təkan verib. Belə ki, xarici iqtisadi əlaqələrin coğrafiyası genişlənib, ticarətin əmtəə strukturu təkmilləşib”. Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov deyib.

Müşfiq Cəfərov bildirib ki, əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması dövlətin iqtisadi şaxələndirmə siyasətində mühüm yer tutur. Respublikamızın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirilən tədbirlər və qlobal miqyaslı təşəbbüslər ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə, Azərbaycanı mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın dünyanın müxtəlif qütblərində qərar tutan dövlətlərlə qurduğu ikitərəfli əlaqələr, mehriban dostluq və əməkdaşlıq münasibətləri ildən-ilə genişlənərək məzmunca yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Diqqəti çəkən əsas reallıqlardan biri odur ki, Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması artıq bütün dünyada etiraf olunan həqiqətdir. Azərbaycan Prezidenti ilə görüşən hər bir xarici ölkənin dövlət başçısı ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bəyan edirlər. Prezident İlham Əliyevin İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşünün nəticələrini təhlil edərkən bir daha görürük ki, iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir. Təcrübəyə əsasən, ölkələr arasındakı siyasi əlaqələr mükəmməl olduqda bu, iqtisadi, ticarət və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaradır. Bu mənada, Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin mükəmməlliyi hərtərəfli əməkdaşlığın inkişafına təkan verir. Əlbəttə ki, bu cür siyasi münasibətlər və strateji tərəfdaşlıq iqtisadi-ticarət sahəsində əməkdaşlıqda xüsusi əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. Təkcə 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard ABŞ dolları təşkil edib. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür. İtaliya həm də TAP layihəsinin iştirakçısıdır. TAP layihəsinin icrası isə Azərbaycanın İtaliya bazarlarında iştirakını daha da artıracaq.

Deputat qeyd edib ki, ölkələrimiz arasında çoxillik diplomatik münasibətlərin mövcudluğu dövründə, xüsusilə də müharibə zamanı İtaliya dəyişməz mövqeyini nümayiş etdirdi. İtaliyanın parlament nümayəndələrinin müharibənin başa çatmasından sonra qısa zamanda Azərbaycana səfəri ölkələrimiz arasında güclü dostluq münasibətlərinin təcəssümüdür. Senatın və hökumətin nümayəndələrinin Gəncə və Bərdəyə gedərək ermənilərin ballistik və kasetli raket hücumu ilə dinc əhaliyə qarşı terror aktlarının şahidi olması, mətbuatda erməni vəhşiliyinə öz münasibətlərini bildirməsi İtaliya dövlətinin Azərbaycana dəstəyinin, həmçinin beynəlxalq hüquqa, ədalət prinsiplərinə sadiqliyinin göstəricisidir.

M.Cəfərov söyləyib ki, İtaliya şirkətləri ilə hazırda davam edən və işğaldan azad edilmiş rayonlarda həyata keçiriləcək layihələr müzakirə edildi. Görüş regional və beynəlxalq münasibətlər, həmçinin işğaldan azad olunmuş ərazilərdə yeni infrastrukturun qurulması ilə iqtisadi sahədə əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki ölkə arasında ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, Azərbaycanın dağıdılmış şəhərlərinin bərpasına dair çoxspektrli planların yaradılması, yenidənqurma layihələrinin işlənilməsi labüddür.