YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Bərpa işləri arasında elektrik enerjisi təchizatı xüsusi yer tutur

Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin.

Bu fikirləri Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Laçın rayonunun Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib ki, bərpa işləri arasında elektrik enerjisi təchizatı xüsusi yer tutur. Müharibədən dərhal sonra ilk günlərdən bu işlərə başlanılıb. İlk növbədə, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilib və birinci mərhələ başa çatıb. “Azərişıq” artıq Şuşa şəhərinə elektrik xətlərini çəkib. Şuşanı dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün “Azərenerji” Səhmdar Cəmiyyəti də yüksəkgərginlikli xətlər çəkir və şəhərdə elektrik yarımstansiyası inşa edir.

“Bu gün Güləbird kəndində Su Elektrik Stansiyasının açılışıdır. Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş – ay yarımdan sonra artıq burada Su Elektrik Stansiyası istismara verilir. Bu Su Elektrik Stansiyasının generasiya gücü 8 meqavatdır. Kiçik su elektrik stansiyaları arasında 8 meqavatlıq stansiya orta həcmli stansiya sayıla bilər. Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, biz təbiətimizdən - Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik”, - deyə Prezident İlham Əliyev bildirib.