YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Təəssüf ki, erməni sevgisi Rusiya sülhməramlılarına missiyalarının mahiyyətini unutdurub

“Dağlıq Qarabağ münaqişəsi  arxada qalıb. Artıq  bu səhifə bağlanaraq qarşıdakı dövrün prioritetləri müəyyənləşdirilir. Bugünümüzün əsas məsələsi Azərbaycanın möhtəşəm hərbi və siyasi Qələbəsini və Ermənistanın biabırçı kapitulyasiyasını təsdiq edən  10 noyabr üçtərəfli razılaşmasının əsas şərtlərindən olan Rusiya sülhməramlılarının öz missiyasını necə yerinə yetirməsidir. Reallıqda onların əsas missiyası bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasına dəstək verməklə   üzərinə düşən vəzifəni yerinə yetirməkdir.  Möhtərəm Prezidentimiz  İlham Əliyev  Xocalı faciəsinin 29-cu ildönümü günündə  yerli və xarici  media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Rusiya sülhməramlıların fəaliyyəti ilə  bağlı Azərbaycan ictimaiyyətində haqlı   narahatlıq  doğuran məqamlara diqqəti yönəldərək bəzi mesajlarını  çatdırmışdır.»

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, sözügedən  sülhməramlı kontingent fəaliyyətə başladığı gündən   Ermənistana dəstəyini açıq-aşkar ortaya qoyaraq tərəfsizlik prinsipini kobud şəkildə pozmaqla    Rusiyanın  44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin postmüharibə dövründə sülh razılaşmasının əldə olunması istiqamətində göstərdiyi səylərin üzərinə kölgə salmaqla məşğuldur:  «Rusiyalı sülhməramlılar dərk etməlidirlər  ki,  onlar bölgədə  erməni sevgilərini ortaya qoymaq məqsədilə  ssenarilər  cızmaq, qeyri-adekvat hərəkətləri ilə Azərbaycan xalqının səbrini daşdırmaq  üçün   yerləşdirilməyiblər.  Bu, artıq beynəlxalq səviyyədə qəbul olunmuş qaydadır ki, sülhməramlılar tərəfsiz olmalıdırlar. Məsələyə bu kontekstdən yanaşsaq açıq-aşkar görərik ki, Rusiya  sülhməramlılarının fəaliyyət istiqamətləri 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatla təsbit olunub. İrəvandan Xankəndiyə erməni daşımaq, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə gül-çiçək dəstəsi ilə  təbrik etmək sülhməramlıların vəzifəsi deyil.  Rusiya sülhməramlıları bu mühüm məqamı da unutmamalıdırlar ki, onların  bir vəzifələri də bölgəni silahsızlaşdırmaq, tərəflər  arasında  atəşkəs rejiminə riayət olunmasına nəzarət etmək, dinc vətəndaşların, xüsusilə Qarabağa Böyük Qayıdışa hazırlaşan azərbaycanlıların   təhlükəsizliyini qorumaqdır.  Amma görünən odur ki,  onların atdıqları bəzi addımlar missiyalarına uyğun deyil. 10 noyabr razılaşmasının tələblərinin Rusiya sülhməramlıları tərəfindən gizli, yaxud açıq şəkildə pozulması rəsmi Moskvanı düşündürməli, vəzifəsi bölgədə dayanıqlı sülhü və təhlükəsizliyi bərpa etmək olan sülhyaratma qüvvələrinin fəaliyyətində  bitərəfliyə nail olmaq üçün  ciddi addımlar atılmalıdır.»

Baş redaktor bildirib ki, postmüharibə dövrünün reallıqlarından bəhs edərkən cənab İlham Əliyev  44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata verdiyi çoxsaylı müsahibələrində, eyni zamanda, bu günlərdə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında  gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşamasının təmin edilməsinin vacibliyinə toxunub. Azərbaycan lideri aydın şəkildə xalqların sülh şəraitində yaşamasını təmin edəcək belə bir konstruktiv model təklifini ortaya qoyduğu  halda Rusiya sülhməramlılarının birtərəfli mövqe nümayiş etdirməsi sual  doğurmaya bilməz. Missiya unutmamalıdır ki,  bu torpaqların  sahibi Rusiya və Ermənistan deyil,  Azərbaycandır.

V.Rəhimzadə qeyd edib ki,  bizim qeyd etdiyimiz məqamlar, necə deyərlər, aysberqin yalnız  görünən tərəfləridir: «Yaxşı olar ki, Rusiya sülhməramlıları  10 noyabr razılaşmasının şərtlərinə uyğun olaraq soydaşlarımızın işğaldan azad edilmiş ərazilərimizə qaytarılması prosesini həyata keçirməyə dəstək olmaq üçün bölgədə təhlükəsizliyin təminatında mühüm rol oynayacaq minalardan təmizlənmə işinin sürətləndirilməsi üçün Ermənistandan  minalanmış sahələrin xəritələrini  almağa yardımçı olsunlar: «O zaman  missiyalarının adında özünü ehtiva edən mənanın yükünü dərk edər, ən əsası 30 ilə yaxın müddətdə erməni sevgilərinin sonda hansı nəticəyə gətirib çıxardığını bir anlıq da olsa düşünərlər. Bu gün Qarabağ bölgəsində hələ də erməni yaraqlılarının qalmasına sülhməramlıların  seyrçi mövqedən yanaşması haqlı olaraq Azərbaycan vətəndaşlarının narazılığına səbəb olur. Hesab edirəm ki, 10 noyabr razılaşmasında tərəf kimi  Rusiya həm  Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, həm  də  regiondakı fəaliyyətində bu torpaqların əzəli sahibi olan  Azərbaycan dövlətinin və xalqının  maraqlarını öndə saxlamalıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. 44 günlük İkinci Qarabağ müharibəsi Ermənistana və ona havadarlıq edən dövlətlərə bu faktı bir daha əyani şəkildə çatdırdı. Tarixi Qələbəmizdən sonra Prezident İlham Əliyevin bütün çıxışlarında  Ermənistanın hər hansı revanşist addımına veriləcək adekvat cavabı xatırlatması da səbəbsiz deyil. Bu, işğalçı dövlətə və ona hələ də yardım göstərmək istəyənlərə ciddi mesajdır.»

DİGƏR Xəbərlər Arxiv