YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Kılıç: Azərbaycan-Türkiyə əlaqələrinin əsasında tarixi qardaşlıq münasibətləri dayanır

Türkiyə hər zaman olduğu kimi, 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldu. Bütün dünya kimin sülh tərəfdarı olduğunu gördü. Türkiyə Qarabağdakı yenidənqurma işlərində də yaxından iştirak edəcək.

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Kılıç martın 10-da keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasındakı sıx əlaqələrin əsasında tarixi qardaşlıq münasibətləri dayanır. Qardaş ölkələrimiz arasında birgə fəaliyyətlər bir çox sahələri əhatə edir. Azərbaycan və Türkiyə əlaqələrinin “Bir millət, iki dövlət” kəlamı əsasında uğurla inkişaf etdiyini söyləyən Akif Kılıç deyib: “Türkiyədə Azərbaycana böyük məhəbbət, sevgi, qardaş münasibəti sərgilənir. Vətən müharibəsi dövründə dünyada Azərbaycana qarşı təbliğat aparmağa çalışdılar, biz bu cəhdlərə qarşı çıxdıq. Azərbaycanla birgə bu cəhdlərə qarşı uğurla mübarizə apardıq, dünyaya işğalçının, hücum edən tərəfin kim olduğunu çatdırdıq. Bütün dünya Azərbaycanın sülh və sabitlik tərəfdarı olduğunu gördü”.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının üzvü, Ədalət və İnkişaf Partiyasının deputatı Dərya Bakbak qeyd edib ki, 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycana birmənalı olaraq siyasi və mənəvi dəstək verdi. 44 günlük Vətən müharibəsində Azərbaycan böyük Qələbə qazandı və artıq regionda yeni reallıqlar yaranıb.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının üzvü, İYİ Partiyadan deputat Ahmet Kamil Erozan Azərbaycanda böyük inkişafın şahidi olduqlarını vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının üzvü, MHP-dən olan deputat İsmail Özdemir 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 30 illik işğala son qoyduğunu vurğulayıb. 44 günün sonunda Azərbaycan işğal altındakı torpaqlarını azad etdi. Azərbaycan hərb tarixinə keçəcək tarixi Zəfər əldə etdi.