YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Namiq Əhmədov: Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyi naminə milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək

“Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”. Bu fikirləri YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov deyib.

Namiq Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişindən, tərəqqisindən öz töhfələrini əsirgəmir. YAP-ın gücü onun öz ideya yükünü, ölkənin gələcək inkişafı ilə bağlı konseptual baxışlarını modernləşdirə və dünya təcrübəsi ilə zənginləşdirə bilməsindədir. Hakim siyasi təşkilat daim cəmiyyətə yeni ideyalar təqdim edir. Bütün problemlərdən çıxış yollarını göstərə bilir, ən mürəkkəb məsələlərlə bağlı konkret təkliflərə malikdir və bütün bunlar YAP-ın ən müxtəlif sosial təbəqələrin etimadını qazanaraq ümumxalq partiyasına çevrilməsinə şərait yaratmışdır. Onu da xüsusilə vurğulamalıyıq ki, dövlətimizin qüdrətlənməsi və beynəlxalq aləmdə yeni nüfuz qazanması ilə yanaşı, Yeni Azərbaycan Partiyası da öz beynəlxalq əlaqələrini möhkəmləndirib və böyük nüfuza malik siyasi təşkilata çevrilib.

Təşkilat sədrinin sözlərinə görə, Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkənin ictimai-siyasi həyatında baş vermiş çox mühüm bir hadisədir. Vətən savaşındakı Şanlı Qələbədən sonra və ölkədə aparılan islahatlar fonunda qurultayın baş tutması həm də ölkənin gələcək inkişafı baxımından da önəmlidir. Xalqın böyük etimadını, inamını qazanan partiyanın VII qurultayı ölkə Prezidenti İlham Əliyevin uzaqgörənliyi sayəsində bütün sahələrdə həyata keçirilən sistemli, ardıcıl islahatlar fonunda ölkədə yeni siyasi mühitin milli və siyasi həmrəyliyin formalaşdığının nümayişi oldu. Qurultayda qəbul edilən tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacaqdır. Martın 5-də keçirilən VII qurultay bir daha göstərdi ki, YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır.

N.Əhmədov qeyd edib ki, partiyanın yeni Nizamnaməsinin qəbul olunması, 40 nəfərdən ibarət tərkibdə İdarə Heyətinin seçilməsi, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərarın qəbul edilməsi ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın əsasının qoyulmasıdır: “Bir sözlə, 6 siyasi partiyanın YAP-a birləşməsi cəmiyyətdə iqtidara qarşı olan müsbət münasibətin və inamın göstəricisi qiymətləndirilməklə yanaşı, həm də bu, siyasi həmrəyliyin, milli birliyin əyani təzahürü oldu. Sözsüz ki, bu da ölkədə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək. Dövlət başçısı bunu çox önəmli, əlamətdar hadisə adlandıraraq ölkədə siyasi sistemin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirdi. Bu, eyni zamanda göstərir ki, partiyanın məramı, proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayan partiya əldə etdiyi uğurlarla kifayələnməyəcək. Ümumxalq partiyası olan YAP qarşıdakı dövrdə də sahib olduğu resurslardan, ictimai-siyasi nüfuzundan istifadə edərək müasir və qüdrətli Azərbaycanın gələcəyi naminə milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək”.