YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Məmmədov: Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunmuş qərarlar partiyamızın gələcək fəaliyyətində yeni mərhələnin əsasını təşkil edir

“Yeni Azərbaycan Partiyasının VII Qurultayı və qurultayda qəbul olunmuş qərarlar partiyamızın gələcək fəaliyyətində yeni mərhələnin əsasını təşkil edir. Məlumdur ki, ölkmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlar siyasi sferanı da əhatə edir. YAP-ın VII Qurultayının qərarları da bu islahatların tərki hissəsi kimi dəyərləndirilə bilər”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Ramin Məmmədov deyib.

Ramin Məmmədov bildirib ki, qurultay  yeni mərhələdə YAP-ın yeni yol xəritəsinin, yeni çağırışların, vəzifələrin müəyyənləşdirilməsi baxımından önəmli qərarlar qəbul etdi. Eyni zamanda, bu hadisə ümumilikdə siyasi sistemimizin gələcək inkişafı baxımından çox böyük əhəmiyyətə malikdir. Qurultayda partiyamızın Sədri, Prezident İlham Əliyevin dərin məzmunlu və proqram xarakterli çıxışında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi YAP-ın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edəcək. Şübhəsiz ki, yeni mərhələdə partiyamız daha da inkişaf edəcək və cəmiyyətdə mövqelərini daha da möhkəmləndirəcək. Qurultayda partiyanın yeni Nizamnaməsinin qəbul olunması, struktur dəyişikliyi, yeni formalaşmış İdarə Heyətinə yeni simaların seçilməsi də partiyamızın gələcək fəaliyyətinə müsbət təsir göstərəcəkdir.

Millət vəkili qeyd edib ki, hazırda ölkəmizdə normal siyasi dialoq mühiti mövcuddur: “Fikrimcə, partiyamızın qarşısında dayanan vacib  vəzifələrdən biri də ölkəmizdə  siyasi dialoqun, siyasi islahatların daha da inkişafına yeni töhfələr verməkdən ibarətdir. Məlumdur ki, cənab Prezidentin həyata keçirdiyi siyasi islahatlar nəticəsində Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşıb. Biz bunu VI çağırış Milli Məclisin timsalında da görürük. Ölkəmizdə siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün parlamentin və onun komitələrinin rəhbərliyində müxalif partiyaların nümayəndələri də təmsil olunub. Hazırda Milli Məclisdə 11 siyasi partiyanın nümayəndələri təmsil olunur.  Bu qədər partiyanın parlamentdə təmsil olunması və müxalif partiyalardan olan deputatların parlamentdə mühüm vəzifələrə seçilməsi Azərbaycanın demokratik inkişafı baxımından böyük önəm kəsb edir. Bu baxımdan, yeni mərhələdə Yeni Azərbaycan Partiyası siyasi dialoq, milli və ümumdövlət maraqları ətrafında digər siyasi partiyalarla əməkdaşlıq mühitinin möhkəmlənməsinə, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində inkişafında özünün töhfələrini verəcək”.