YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Qarabağda apardığı müharibənin taktikası ABŞ-da öyrənilir

Amerikada çıxan “Foreign Policy” jurnalında dərc olunan məqalədə Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar aparılması təcrübəsinin amerikalı hərbçilər tərəfindən öyrənilməsi barədə söhbət açılır.

Amerikalı jurnalist Cek Doytç məqaləsində ötən payız Azərbaycanın müharibənin gedişində Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarından və zərbə pilotsuz uçuş aparatlarından istifadə edərək, Dağlıq Qarabağda hava məkanına nəzarəti tamamilə öz üzərinə götürməsindən yazır. Məhz o vaxt ABŞ Silahlı Qüvvələrinin strateqlərinə aydın oldu ki, müasir dövrdə düşmənin canlı qüvvəsini tapmaq və məhv etmək əvvəlkinə nisbətən daha asan və ucuz başa gəlir.

ABŞ ordusunda asimmetrik müharibə qrupunun sabiq rəhbəri polkovnik Skott Şou deyib: “Pilotsuz hava sistemləri tərəfindən tankların, artilleriya mövqelərinin və qoşunların necə məhv edilməsini videokadrlarda izləmək olar”. Onun sözlərinə görə, ötən payız Azərbaycan erməni silahlı qüvvələrini darmadağın etdikdən sonra aydın oldu ki, Amerika silahlı qüvvələri daha öz rəqibləri üzərində havada şəksiz üstünlüyə malik ola bilməyəcəklər və hətta nisbətən yoxsul ölkələr özlərini etibarlı hərbi hava qüvvələri ilə təmin edə bilərlər.

Müəllif yazır ki, Azərbaycan altı həftəlik münaqişə zamanı erməni qoşunlarının zirehli tank qüvvələrini, həmçinin logistika və təchizat xəttini məhv etməkdən ötrü Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından və əksəriyyəti İsraildə istehsal olunmuş zərbə pilotsuz uçuş aparatlarından istifadə etdi. Erməni silahlı qüvvələrinin silah-sursatla yüklənmiş maşın karvanları cəbhə xəttinə çatmağa belə macal tapmırdı.

Məqalədə deyilir ki, münaqişənin son günlərində Azərbaycan Prezidenti İlham Əliyev erməni qüvvələrinə məxsus məhv edilən və ələ keçirilən texnikanın, o cümlədən təxminən 250 tank, 50 ədəd piyadaların döyüş maşını və 4 ədəd S-300 raketəleyhinə müdafiə sistemi, həmçinin 198 yük maşını və 17 özüyeriyən artilleriya qurğusunun siyahısını elan edib. Oktyabrın ortalarında Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan hərbçiləri Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının köməyi ilə 1 milyard dollardan artıq dəyərə malik erməni təchizatının məhv ediblər.

Məqalədə bildirilir ki, amerikalı hərbçilər Azərbaycanın təqdim etdiyi, müharibə aparılmasının uğurlu strategiyasını və müasir taktikasını nümayiş etdirən videomaterialları diqqətlə öyrənirlər.