YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Ermənistanın yeganə çıxış yolu regionda əməkdaşlıq təşəbbüslərinə qoşulmaqdan ibarətdir

“44 günlük Vətən müharibəsində Azərbaycanın işğalçı Ermənistan üzərində möhtəşəm qələbəsi tariximizə qızıl hərflərlə yazılıb. Hazırda erməni cəmiyyəti öz məğlubiyyətinin şokunu yaşayır”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan qarşısında ağır məğlubiyyətə uğrayandan sonra ciddi qarşıdurma və xaosun hökm sürdüyü Ermənistanda qeyri-müəyyən vəziyyət davam edir. Paşinyan hakimiyyətinin növbədənkənar parlament seçkiləri keçirməyə razı olması da məğlub ölkədəki siyasi böhranın dərinləşməsinin qarşısını almaq iqtidarında deyil. Əksinə, müxalifət hakim siyasi qüvvələrin seçkiləri saxtalaşdırmaq niyyətində olduğu barədə ittihamlarla xaosun daha da dərinləşməsinə rəvac verir.

Millət vəkilinin sözlərinə görə, Ermənistanın hazırkı ağır durumda olmasının əsas səbəbi 30 ilə yaxın işğalçı siyasət yürütməsidir: “Azərbaycan dövləti hər zaman bəyan edirdi ki, işğalçılıq siyasəti Ermənistana heç bir xeyir gətirməyəcək və buna görə də sülh yolu ilə münaqişə həll edilməli, qarşı tərəf işğal etdiyi torpaqlarımızı xoşluqla tərk etməlidir. Çünki 30 illik işğal dövrü həqiqətən də Ermənistana heç bir divident qazandırmadı, əksinə sosial-iqtisadi böhran dərinləşməkdə davam etdi. Bu da ölkədə siyasi böhranın baş verməsi ilə nəticələndi. 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn qüvvələr də, münaqişənin həllində konstruktivlik nümayiş etdirmədi. Nəticədə ötən il 44 günlük müharibədə Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etdi, 10 noyabr bəyanatı ilə münaqişə başa çatdı. Müharibədəki ağır məğlubiyyət Ermənistanda psixoloji travma yaradıb, bütün sahələr üzrə böhranı daha da dərinləşdirib. Parlament seçkiləri ərəfəsində ölkədaxili gərginlik daha da artıb. Əlbəttə ki, Ermənistanda hazırkı mənzərə məhz işğalçılıq siyasətinin nəticəsidir”.

S.Fətəliyeva qeyd edib ki, Ermənistanın düşdüyü ağır durumdan çıxış yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməsi ilə əlaqədardır: “10 noyabr razılaşması regionda kommunikasiyaların bərpasını da nəzərdə tutur. Həmçinin, Azərbaycan region ölkələrinin əməkdaşlığını özündə ehtiva edən altılıq platformasının təşəbüskarıdır. Əgər Ermənistan Azərbaycan bu xoşniyyətli təşəbbüslərinə uyğun davranacaqsa, böhrandan çıxa bilər. Əks halda, bu ölkənin heç bir perspektivi yoxdur”.