YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan videokonfrans keçirildi

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə Ümummilli Liderin gələcəyə hesablanmış siyasətinin uğurları, Azərbaycanın qarşısında açdığı imkanlar geniş şərh olunaraq bir daha bildirilir ki, nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır.

Mayın 5-də Xətai rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə «Daim ürəklərdə yaşayan dahi» mövzusunda videoformat şəklində keçirilən konfrans da bu tərkibdəndir.
YAP Xətai rayon təşkilatının sədr əvəzi Yeganə Qurbanova bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin doğum gününün böyük sevinc hissi ilə qeyd olunması ölkəmizdə bir ənənəyə çevrilib. Ulu Öndərin doğum gününün belə əhval-ruhiyyə ilə qeyd olunması ümumilikdə xalqımızın dövlətə, dövlətçiliyimizə hörmət və ehtiramının bariz ifadələrindən biridir. Azərbaycan 1991-ci il 18 oktyabrda dövlət müstəqilliyini yenidən bərpa etsə də, bu sevinci 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. 1993-cü ildən başlanan inkişaf, tərəqqi, davamlı uğurlar tariximizə Zəfər Gününün yazılmasını şərtləndirdi. Son 17 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yeni tarix yazdı, 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, xalqımıza qələbə yaraşır.

Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov vurğuladı ki, Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi tənəzzüldən xilas edib inkişaf, tərəqqi yoluna çıxaran ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından saatlarla, günlərlə danışmaq olar. Vətəninə, xalqına bağlı olan Heydər Əliyevin bütün soydaşlarımızı bir amal- azərbaycançılıq ideyası ətrafında sıx birliyə çağırışı bu gün hər birimizin fəaliyyətinin əsasını təşkil edir. 

P.İmanov qeyd etdi ki, Heydər Əliyev siyasətinin ən böyük uğurlarından biri 30 ilin işğalına son qoyulması, ərazi bütövlüyümüzün bərpası, çoxəsrlik tariximizə Zəfər səhifəsinin yazılmasıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağın ürəyi Şuşamızın işğaldan azad olunması müjdəsini xalqımıza çatdırarkən söylədiyi bu fikirlər hər birimizdə böyük qürur hissi yaratdı: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!»

«91-lər»in üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin nəinki müasir müstəqil Azərbaycanımızın, o cümlədən hər birimizin həyatında rolunu xüsusi vurğuladı. Bildirdi ki, bu illər Azərbaycanın tarixinə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur duya biləcəyi uğurları yazıb. O uğurları ki, son 17 ildə müstəqil Azərbaycan Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin təməl üzərində daha da güclənərək, qüdrətlənərək Zəfərə imza atdı. Artıq 30 ilə yaxın dövrdə sahibini gözləyən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Bu ərazilərimizin cənnətməkana çevrilməsi üçün bərpa və quruculuq işlərinə start verilib. Bütün bu reallıqlarımız Heydər Əliyev siyasətinin təntənəsidir.

Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova bildirdi ki, ümummilli lider Heydər Əliyevin bütövlükdə həyatı, fəaliyyəti, ideyaları bir məktəbdir. Bu məktəb bu gün də davam edir, Azərbaycanın davamlı inkişafına xidmət göstərir. Zəfərimiz ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın qarşısında daha böyük imkanlar açacaq.

Konfransda bir daha qeyd edildi ki, illər keçdikcə, biri-birindən mühüm uğurlara imza atıldıqca Heydər Əliyev siyasətinin böyüklüyü daha aydın görünür. Son 17 ildə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Heydər Əliyev fəlsəfəsini, Azərbaycanı inkişafa aparan strategiyanın düsturunu dünyaya təqdim edir. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin, xalqının qarşısındakı xidmətlərinin miqyası genişdir, arxada qalan hər il bu xidmətlərdə yeni-yeni məqamların açıqlanmasına yardımçı olur. Məhz bu fonda dahi şəxsiyyət Heydər Əliyevin bu fikri daim xatırlanır: «Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”