YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cıdır düzündə “Qarabağ Azərbaycandır”!

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və

İdman Akademiyasının prorektoru,

professor Yusif Babanlı

Qədim Şuşada Cıdır düzündə “Qarabağ Azərbaycandır” şüarı Azərbaycanın dünyaya haqq səsinin sədası və xalqımızı 29 illik həsrətinə qovuşduran qəhrəmanlığın hayqırışı idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalı XXI əsirdə Azərbaycanda keçirilən ən möhtəşəm tədbirlərdən idi. Cənab Prezident İlham Əliyevin 2021-cil il 7 may tarixli sərəncamı ilə Şuşanı mədəniyyət paytaxtı elan etməsi və bu sərəncamla Vaqif poeziya günləri və “Xarıbülbül” festivalının bərpası ölkəmizdə içtimai-siyasi və mədəniyyət sahəsində mühüm addım oldu. May ayının 12 və 13-də Şuşada “Xarıbülbül” festivalının yenidən keçirilməsi Azərbaycan mədəniyyətinin zəngin tarixini bir daha dünyaya bəyan etdi. Bildiyimiz kimi “Xarıbülbül” beynəlxalq musiqi festivalı 1989-cu ildən Şuşa şəhərində keçirilmiş və məhşur xanəndə Seyid Şuşiniskinin 100 illik yubileyinə həsr olunmuşdur. Növbəti ildə qədim Azərbaycan şəhərlərindən olan Şuşanın yaranmasının 270 illiyinin təntənəli şəkildə qeyd olunması da planlaşdırılmışdır. Bütün bu tədbirlər  qədim Azərbaycan dövlətinin mədəni tarixi irsinin tədqiqində bir işıq və bölünməzliyin təzahürüdür.

         Şuşa şəhəri 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbənin simvolu kimi qədim Qarabağ tarixinin ən zəngin salnaməsidir. 30 ilə yaxın əsarətdə qalan Şuşada düşmən tarixi abidələrimizi dağıtmış, milli mənəvi dəyərlərimizə və təbiətimizə ziyan vermişdir. Mənfur düşmən nə qədər çalışsa da, nəyinki Şuşadan, Qarabağdan da müqəddəs Azərbaycan ruhunu silə bilmədi. Qarabağın Azərbaycanın əbədi ayrılmaz hissəsi olduğunu biz dəfələrlə düşmənə sülh yolu ilə sübut etsəkdə onlar öz terrorist işğalçılıq mövqelərindən əl çəkmədilər.  Ölkə başçısı İlham Əliyev Şuşada “Xarıbülbül” festivalında haqlı olaraq vurğulamışdır: “Biz 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik”. Əlbəttə, bizə bu şanlı qələbəni güclü siyasi lider, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımı və onun rəhbərlik etdiyi rəşadətli Azərbaycan ordusu bəxş etdi. Vətən müharibəsi bir daha onu göstərdi ki, xalqımızda milli birlik, milli həmrəylik və sarsılmaz iradə vardır.  Biz əhatə dairəsindən asılı olmayaraq bütün situasiyalarda ölkə rəhbərinin ətrafında sıx birləşib gücümüzü dünyaya göstərməyə qadir millətik.