YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Məmmədov: Biz göstərdik ki, Azərbaycan xalqı tolerantdır, mədənidir, multikultural xalqdır

“Biz Şuşaya Qırmızı bazar istiqamətindən getdik və ermənilərin necə inamsız, ümidsiz, ac, səfil durumda olduğunun bir daha şahidi olduq. Həm də azərbaycanlılara qarşı kinli, dözümsüz münasibəti gözlərindən hiss etdik”.

Bu fikirləri “Yeni TV”-nin canlı yayımında Milli Məclisin deputatı Ceyhun Məmmədov mayın 12-də Şuşada keçirilən “Xarıbülbül” festivalından danışarkən bildirib.

Onun sözlərinə görə, festivalın mahiyyətində həm ölkədaxili, həm də ölkə xarici çox ciddi mesajlar vardı: “30 ilə yaxın idi ki, bu günün arzusunda idik. Şuşa alınmaz qala kimi görünürdü və ermənilər bütün gücləri ilə çalışırdı ki, işğalı davam etdirsin. Amma Azərbaycan ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə sıldırım qayalardan aşaraq Şuşanı işğaldan azad etdi”.

Ceyhun Məmmədov deyib ki, Şuşanın əhəmiyyətini, mövqeyini dərk etmək üçün onu mütləq görmək lazımdır: “Şəhərə daxil olanda, ilk növbədə, erməni vəhşiliyinin, barbarlığının şahidi olduq. Nə qədər vəhşi, barbar olasan ki, şəhərin bütün tarixi abidələrini dağıdasan. 17 məsciddən 14-ü dağıdılıb, 3-ü yarımçıq vəziyyətdə idi, onlardan biri təmir olunur. Korifey sənətkarlarımızın evləri, ev muzeyləri, məqbərələr yerlə-yeksan olub. Bu vəhşilik insanı ciddi şəkildə düşündürür. Belə sual yaranır. Beynəlxalq qurumlar hara baxır? Bu gün bəziləri Ermənistanı dəstəkləyən bəyanatlar verdiyi halda vəhşiliyə qarşı niyə reaksiya yoxdur? Niyə bu əməllər pislənilmir? Bütün bunlara baxmayaraq, qalib xalqın nümayəndəsi kimi Şuşada olmaqdan böyük sevinc, fərəh və qürur hissi keçirdik. Festivala qatılmaq, Prezidentlə tədbirdə bir yerdə olmaq ayrı xoş təəssürat idi. Hazırda Şuşa tikinti meydançasına bənzəyir. Orda bərpa–quruculuq işləri aparılır. Festiaval Ramazan bayramında keçirildi. Ermənilərin saxtalaşdırmaq istədiyi və dağıtdığı məscid indi bərpa olunur. Yeni məscidin təməli qoyulur. Cıdır düzündə festivalın keçirilməsi – hiss olunurdu ki, Şuşanın özü də darıxmışdı. Şuşanın səmasında dahi şəxsiyyətlərimizin, korifeylərimizin ruhu gəzirdi. Şuşada həyat oyanmışdı, quşların səsi, uçuşu... Şuşa özünü tamamilə fərqli hss edirdi”.

Ən mühüm məsələlərdən birinin Azırbaycan mənzərəsinin orda əks olunması olduğunu deyən deputat bildirib ki, Azərbaycanda yaşayan bütün xalqların musiqi qruplarının festivalda iştirakı Azərbaycan reallığını tam əsk etdirirdi: “Biz göstərdik ki, Azərbaycan xalqı tolerantdır, mədənidir, multikultural xalqdır, bəşəri dəyərləri dəstəkləyir. Azərbaycan xalqı ermənilərin bizim ərazimizdə baş qaldırmasına imkan verməyəcək. Bütün təxribatların qarşısı qətiyyətlə alınacaq və Şuşa yenidən dünyanın ən abad, ən gözəl incisinə çevriləcək”.