YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nurlan Qələndərli: Ermənistan vəziyyəti gərginləşdirməyə və reallıqları təhrif etməyə yönəlmiş addımlardan çəkinməlidir

“Azərbaycan öz sərhədlərinin bərpası və sərhəd müdafiə sistemini gücləndirmək istiqamətində konkret addımlar atır. Bu, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşı yönəlməyib, beynəlxalq hüquq normalarına zidd deyil. Burada hər hansı başqa məqam axtarmaq siyasi təxribat və ikili standartlar əsasında selektiv yanaşma nümayiş etdirməkdir”.

Bu fikirləri “Yeni Tv”nin canlı yayımında politoloq Nurlan Qələndərli deyib.

Politoloq bildirib ki, Ermənistan bu zamana qədər müxtəlif məsələlərlə əlaqədar manipulyativ və təxribatçı yanaşma nümayiş etdirib. “İstər keçmiş münaqişə, istər II Qarabağ müharibəsi dövründə, istərsə də postkonfilikt mərhələsində də bu reallığın şahidi olmuşuq. Zəngəzur dəhlizinin açılması ilə bağlı manipulyativ açıqlamaların verilməsi, minalanmış ərazilərin xəritələrinin təqdim olunmaması, keçmiş münaqişənin din kontekstində və sivilizasiyalararası qarşıdurma fonunda təqdim olunmasına cəhd göstərilməsi və digər məqamlar bu baxımdan xüsusi qeyd edilməlidir. Təbii ki, bütün bunlar uğursuz gedişlərdir və heç bir nəticə verməyib, verməyəcək”.

Sərhədlərin delimitasiyası və demarkasiyasının regionda dayanıqlı sülhün və etibarlı təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirən Nurlan Qələndərli əlavə edib ki, Ermənistanın məsələni beynəlmiləlləşdirməyə çalışması absurd yanaşma və uğursuz cəhddir. “Beynəlxalq ictimaiyyətə də yaxşı məlumdur ki, Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir və özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işi aparır. Ermənistan vəziyyəti gərginləşdirməyə və məsələnin mahiyyətini – reallıqları təhrif etməyə yönəlmiş addımlardan çəkinməlidir”.