YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağda həyata keçirilən infratruktur layihələri həm iqtisadi, həm sosial inkişafının təmin olunması üçün önəmlidir

İlqar İlyasov,

YAP Laçın rayon təşkilatının sədri

Qarabağda – işğaldan azad olunmuş ərazilərimizdə reallaşdırılan infrastruktur layihələri və tədbirlər bir daha onu sübut edir ki, 28 il düşmən tapdağı altında olmuş torpaqlarımız qayıdışa çox böyük sürətlə hazırlaşır. Qayıdış üçün qısa müddət ərzində bütün mümkün addımlar atılır və imkanlar səfərbər olunur. Fikrimcə, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalını hər bir Azərbaycanlı xüsusi sevinc, qürur və bayram əhval-ruhiyyəsində izlədi. Bu törən həm də bütün dünyaya ünvanlanmış bir mesaj oldu: Azərbaycan xalqı öz Vətənlərinə qayıdır!.  

Əslində bu işlərin təməli hələ 2016-ci ildə Lələtəpə yuksəkliyində əldə olunmuş qələbədən sonra Cocuq Mərcanlı kəndininin müasir infrastruktura malik layihə əsasında yenidən qurulması ilə başlamışdır. Prezident İlham Əliyev işğaldan azad olunan rayonlara hər səfərində bir sıra infrastruktur layihələrinin açılış və təməlqoyma mərasimində iştirak etmiş, mühüm siyasi bəyanatlar vermişdir. Çünki döyüşlər tarixi qələbəmizlə başa çatsa da, düşmən tərəfi hələ də müxtəlif bəhanələrlə beynəlxalq aləmi çaşdırmaqla məşğuldur. Ali Baş komandan yenə də düşmənin xəbis niyyətini və planlarını öz əməli fəaliyyəti ilə alt-üst edir.

Dövlət başçısının azad olunmuş ərazilərə səfərləri xarici ölkələrin kütləvi informasiya vasitələri tərəfindən də diqqətlə izlənilir. Bunun nəticəsidir ki, dünyanın aparıcı kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri, bu ərazilərdə həyata keçirilməsi planlaşdırılan layihələrin təməlqoyması prosesinə və həmin ərazilərdə verdiyi bəyanatlara geniş yer ayırırlar.

Prezident bu səfərlər zamanı bir sıra nəqliyyyat infrastruktunun təməlini qoyub. Yenidən qurulan nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad edilmiş ərazilərə səfərlərini asanlaşdırmaqla yanaşı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin yaranması baxımından önəmlidir. Bir mühüm cəhət isə odur ki, bu marşrut tezliklə region ölkələrinin qarşılıqlı əlaqələrinin genişlənməsınə öz töhfəsini verəcək. Bundan əlavə, həmin dəmir yolu xətti Asiya ilə Avropa arasında yüklərin daşınmasını sürətləndirməklə beynəlxalq əhəmiyyət qazanacaq. Dövlət başçısı mayın 10-da Ordubadda olarkən demişdir: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur”.

Quruculuq-bərpa işlərinə infrastruktur layihələri ilə başlanması təsadüfi deyil. Çünki bu rayonlarda infrastruktur yaratmadan quruculuq işlərini sürətlə həyata keçirmək mümkün deyil. Bu üzdən dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, bölgənin inkişafı üçün ilk növbədə mükəmməl infrastruktur yaradılmalıdır. Hazırda bu istiqamətdə həyata keçirilən layihələr bütün sahələri əhatə edir. Bunlar bölgənin həm iqtisadi, həm sosial inkişafının təmin olunması üçün önəmlidir.

Həmin layihələr ilk növbədə yol və elektrik enerjisi sahələrini əhatə edir. Bu sahələr üzrə infrastrukturun yaradılması bölgədə digər sosial-iqtisadi layihələrin icrası üçün mühüm faktordur. Məqsəd azad olunmuş torpaqların tezliklə bərpa edilməsi, insanların doğma yurdlarına qayıtması və bu torpaqlarda həyatın canlanmasıdır. Odur ki, enerji və yol layihələrinə önəm verilir. Artıq Şuşa şəhərinə yüksəkgərginlikli elektrik xətləri çəkilməsi yekunlaşmış, şəhər elektrik enerjisi ilə tam təmin edilmişdir.

Bölgənin özünün də enerji istehsal etmək potensialı yüksəkdir. Belə ki, işğaldan azad edilən ərazilərdən çoxlu çaylar axır. Bu da həmin yerlərdə su elektrik stansiyalarının inşasına imkan verir. İşğal illərində Laçın rayonunda 5, Kəlbəcərdə isə 12 su elektrik stansiyası fəaliyyət göstərib. Ermənilərin verdikləri məlumata görə, işğalçı ölkə elektrik enerjisinə olan tələbatının 30 faizini bu bölgənin hesabına təmin edib. Düşmən bu əraziləri tərk edərkən xislətinə uyğun olaraq həmin stansiyaların bütün avadanlıqlarını aparıb, apara bilmədiyini isə dağıdıb. Hələ fevral ayında Prezident İlham Əliyevin göstərişi ilə həmin Laçın rayonundakı “Güləbird” Su Elektrik Stansiyası təmirdən sonra istismara verildi. Həmin mərasimdəki çıxışında Prezident dedi: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik”.

Artıq Azərbaycan Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyi Laçın rayonunda "Güləbird" kiçik su elektrik stansiyasını istifadəyə verib. Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Ammayev deyib: "Erməni işğalçıları Kəlbəcər, Laçın və digər rayonlarda kiçik su elektrik stansiyalarını dağıdıb. Elektrik enerjisinə tələbdən asılı olaraq bu stansiyalar bərpa olunacaq və beynəlxalq ekoloji normalara uyğun olaraq istifadəyə veriləcək". Agentlik rəsmisi həm də qeyd edib ki, Tərtər rayonunun azad edilmiş Suqovuşan kəndində yerləşən "Suqovuşan-1" və "Suqovuşan-2" su elektrik stansiyaları da yaxın zamanlarda bərpa olunacaq və istifadəyə veriləcək.

Bu gün işğaldan azad olunmuş ərazilərə işi ilə bağlı tez-tez səfərlər edən vətəndaşlarımız yol infrastrukturunun yenidənqurulması işlərinin çox sürətlə həyata keçirildiyinə canlı şahiddirlər. Doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımız inanırlar ki, yaxın zamanlarda hamı bir nəfər kimi öz elinə-obasına qayıdacaq, 30 il bundan əvvəlki həyata qovuşacaqlar.