YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aİ-nin nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə dağıntıların miqyası və mina təhlükəsi barədə məlumatlandırılıb

İyunun 25-də Avropa İttifaqının (Aİ) üzv ölkələri - Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsberqis və Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunun rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində nazir Ceyhun Bayramovun qarşı tərəflə görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə Azərbaycan tərəfindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edib.

Görüşdə tərəflər münaqişə sonrası bölgədə mövcud olan vəziyyət ətrafında geniş fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi bölgədəki mövcud cari vəziyyət, azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, həyata keçirilən quruculuq və bərpa işləri barədə məlumat verib. Azərbaycanın üçtərəfli Bəyanatın icrası ilə əlaqədar həyata keçirdiyi tədbirlər, o cümlədən humanitar sahədə görülən işlərdən bəhs edilib.

Azərbaycanın dialoqa və beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman əhəmiyyət verdiyi vurğulanıb. Ölkəmizin BMT-nin müvafiq qurumlarının Azərbaycanın azad edilmiş ərazilərinə missiyalarını qəbul etməyə hazır olduğu, UNESCO və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bununla bağlı cavab gözlədiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Tərəflər cari vəziyyətdə bölgədə sülh və dayanıqlı inkişafın təmin edilməsi yolları, o cümlədən etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi, birgə əməkdaşlıq layihələrinin reallaşdırılması imkanlarını müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.