YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycana daim işıq salacaq

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı  Rayon İcra Hakimiyyəti ilə birlikdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 52-ci ildönümü münasibətilə video konfrans keçirib. 

Tədbirdə millət vəkili Aydın Hüseynov, Qaradağ rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, 7 saylı Bakı Peşə Litseyinin direktoru, ərazi ilk partiya təşkilatının sədri Heydər Hüseynov, YAP Qaradağ rayon təşkilatının fəalı Seyidməmməd Məmmədzadə və digər şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan millət vəkili Aydın Hüseynov Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyul tarixində Azərbaycan KP MK-nın I katibi - Respublikanın rəhbəri təyin edilməsindən, dahi Liderin ölkəmizin işıqlı sabahı, inkişafı üçün gördüyü misilsiz xidmətlərdən danışıb: "Dahi şəxsiyyət olan Heydər Əliyevin böyüklüyünü illər keçdikcə daha dərindən dərk edirik. 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri olan Azərbaycanı çox keçmədən ön sıralardan birinə çıxardı. 1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində, sözün böyük mənasında, Günəş doğdu. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcı oldu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaradırdı. Biz bunu çox-çox sonralar – tarixin imtahanına çəkilərkən dərk etməyə başladıq".

Qaradağ RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxış edərək bildirib ki, Ümummilli Lider strateji hədəfləri zərgər dəqiqliyi ilə müəyyənləşdirmək və onları kompleks şəkildə həyata keçirmək bacarığı ilə fərqlənirdi: "Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitlik, iqtisadi və elmi-texniki tərəqqi, təhsil, müasir və güclü ordu, kadr hazırlığı, xalqın rifahı, milli dəyərlər – bütün bunlar ümummilli lider Heydər Əliyevin başlıca strateji hədəflərindən idi. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan bütün bu hədəflərə yetişib. 2003-cü ildən ötən dövr ümummilli lider Heydər Əliyevin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı Heydər Əliyev yolu ilə apararaq regionun lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevirib. Bu gün ölkəmiz sürətlə inkişaf edən iqtisadiyyatı, əlverişli geostrateji mövqeyi, zəngin mədəniyyəti və ənənəvi tolerantlığı ilə bütün planetin diqqət mərkəzindədir".

Tədbirdə digər çıxış edənlər Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi olan Heydər Əliyevin tükənməz enerjisindən və xalqımız üçün gördüyü misilsiz xidmətlərdən söz açıblar.