YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağın tacı – Şuşanın hər bir daşı tarixdir

Namiq Əhmədov,

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən

Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada bütün işlər planlı şəkildə həyata keçirilir. Əsas diqqət göstərilən məsələlərdən biri tarixi abidələrimizin bərpa olunmasıdır. Şuşaya tam mənada zəngin həyatı qaytarmaq üçün bütün zəruri addımlar atılır. Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verildi. “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı.

2021-ci il 30 avqust tarixində Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı keçirildi. Bu tədbir ölkənin həyatında əlamətdar hadisə kimi qeyd olunur. Erməni vandalizminin nəticəsində dağıdılmış məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü. Vaqif Poeziya Günləri də, “Xarıbülbül” festivalı da bərpa edildi.

Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Şuşanın işğalından sonra digər rayonlar, digər şəhərlər işğala məruz qaldı.

Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu Öndər Heydər Əliyev vermişdir. Ulu Öndərin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də Şuşada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır.

Gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözlədi. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Şuşanın hər bir məhəlləsi, hər bir daşı tarixdir.