YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan üzərinə düşən öhdəlikləri icra etməyə məcburdur

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də 44 günlük müharibənin başlamasının ildönümündə Türkiyənin Anadolu Agentliyinə müsahibə verdi və bir çox vacib məqamlara toxundu. Cənab Prezidentin "Anadolu" agentliyinə müsahibəsi Ermənistan cəmiyyətinə daha iddialı və açıq şəkildə verilən mesajlara istiqamətlənmişdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğuladı ki, beynəlxalq vasitəçilər müharibənin, insan faciələrinin və fəlakətlərin qarşısını ala bilərdi. Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Beynəlxalq hüququn tələblərinə uyğun olaraq Ermənistana qarşı sanksiyalar da tətbiq edilmədi. Beynəlxalq təşkilatların sanksiyaları savaşın qarşısını ala bilərdi. Çünki bu sanksiyalar Ermənistan üçün böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub bizim torpağımızdan çıxacaqdılar.

30 il ərzində digər dövlətin torpaqlarını işğal altında saxlamasına baxmayaraq, Ermənistanın yeni savaşa başlamasının əsl səbəbləri araşdırılmalıdır. Rəsmi İrəvanın səriştəsizliyi və məkrli niyyətləri Ermənistanı qaçılmaz məğlubiyyətə gətirdi. Bir il əvvələ qayıdarkən, bütün bu prosesləri, bütün bu hadisələri daha da dəqiq təhlil etmək imkanı yaranır. Görünür ki, Ermənistanda hakimiyyətə yeni gəlmiş rəhbərlik hansısa hərbi uğur əldə etmək istəyirdi. Ancaq hesablamaları çox səhv apardılar, çox böyük xəta törətdilər və bunun nəticəsində acı məğlubiyyətə uğradılar. Müharibə bitər-bitməz vaxt itirmədən Azərbaycan dərhal öz gücünü göstərdi və ərazilərin bərpa olunması işlərini başladı. Qaçqın və məcburi köçkünlərin 30 illik əziyyətlərinə soy qoyuldu. Ərazilər bərpa olunacaq və müharibədən əvvəl orada yaşamış bütün insanlar öz doğma yurdlarına qayıdacaqdır. O insanlar 30 il həsrət içində idilər və bu həsrətə son qoyuldu. Azərbaycanın gücü və siyasəti budur!

Hazırda Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün daha çox səy göstərməlidir. Çünki onlar üçün bu, önəmlidir. Daim münaqişədə olmaq, qonşularla əsassız, saxta tarix əsasında gələcək əlaqələri planlaşdırmaq çox yanlış bir addımdır. Ermənistan maraqlı olmalıdır ki, ilk növbədə, Türkiyə ilə əlaqələri eyni zamanda, Azərbaycanla münasibətləri normallaşdırsın. Türkiyə və Azərbaycanla öz sərhədlərini müəyyən etsin, delimitasiya, demarkasiya aparılsın. İşğaldan azad olunmuş ərazilərdə yaşayan ermənilər anlamalıdırlar ki, xoşbəxt gələcəkləri ancaq Azərbaycan dövləti ilə bağlıdır.  Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik. Bu, bizim legitim hüququmuzdur. Ermənistan üzərinə düşən öhdəlikləri icra etməyə məcburdur.

Ermənistanı bu gün dağıdıcı, qeyri-konstruktiv mövqe sərgiləməyə sövq edən bəzi güc mərkəzləri var. Onlar Ermənistanla-Azərbaycan arasında münaqişənin davam etməsinin tərəfdarıdır. Çünki onlar Cənubi Qafqaz regionunda münaqişə ocağının daim alovlanması tərəfdarıdırlar. Onlar Cənubi Qafqazda əməkdaşlığın, qarşılıqlı sülhün əmin-amanlığın qətiyyən tərəfdarı deyillər. Nəzərə alaq ki, qərbdəki bəzi dairələr Azərbaycanın qələbəsi ilə başa çatmış ikinci Qarabağ müharibəsindən sonra yaranmış yeni vəziyyəti qəbul etmək istəmirlər. Onlar hər vəchlə çalışırlar ki, situasiyanı dəyişsinlər. Azərbaycanın yaratmış olduğu yeni reallıqları dəyişsinlər və yeni bir vəziyyət formalaşdırsınlar. Ancaq təbii ki, bu cəhdlər hamısı əbəs yerədir. Artıq münaqişə başa çatıb.