YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

4 oktyabr 2020-ci il Cəbrayılın işğaldan azad edilməsi ilə bu qədim Azərbaycan torpağına yeni həyat bəxş edilmiş oldu

Cavid Osmanov

Milli Məclisin deputatı

44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü düşmənə və onu himayə edənlərə, Azərbaycan dövlətinin gücünü isə bütün dünyaya nümayiş etdirmiş oldu. Bütün bunlarla, yanaşı hərbi əməliyyatlar bitdikdən dərhal sonra azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə start verilməsi də Azərbaycan dövlərinin gücündən, güclü iqtisadiyyata malik olmasından xəbər verir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən nəhəng bərpa-quruculuq işləri deməyə əsas verir ki, Qarabağ və Şərqi Zəngəzur ölkəmizin, eyni zamanda regionun ən inkişaf etmiş bölgəsinə çeviriləcəkdir. Nəzərə alsaq ki, işğalda olmuş hər bir qarış ərazi ermənilər tərəfindən yerlə yeksan edilib və bu ərazilərdə infrastrurktur tamamilə yenidən qurulur. 30 il boyunca erməni vandalizmi sərhəd tanımayıb və Azərbaycana qarşı böyük mənəvi zərərlə yanaşı, külli miqdarda maddi ziyan da törədib.

İşğaldan ilk azad edilən ərzilərimizdən olan Cəbrayıl da erməni vandalizmindən çox ciddi zərər görüb, bütün maddi-mədəni irs tamamilə dağıdılıb. 4 oktyabr 2020-ci il Cəbrayılın işğaldan azad edilməsi ilə bu qədim Azərbaycan torpağına yeni həyat bəxş edilmiş oldu. Cəbrayılın işğaldan azad edilməsinin bir ili tamam olan gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu regiona səfər etməsi isə rayonun tarixində mühüm hadisə oldu. Cənab Prezident Cəbrayıl rayonundan olan ictimaiyyət nümayəndələri ilə görüşündə söylədiyi “Cəbrayıla xoş gəlmisiniz” sözləri əlavə bir müjdə kimi qiymətlənmdirilməlidir. Çünki artıq bu rayondan olan insanlar öz doğma yurd-yuvalarına qayıdaraq  xoş günlər yaşayacaqlar.

“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması, burada fəaliyyət göstərəcək ilkin investorların müəyyən edilməsi, rayona 4-6 zolaqlı yolun çəkilməsi, Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi, eyni zamanda rayonun baş planının təqdim olunması əminliklə deməyə əsas verir ki, qısa müddət ərzində Cəbrayıl rayonu ölkəmizin inkişaf etmiş, yaşamaq və işləmək üçün bütün imkanların yaradılacağı rayonlardan biri olacaqdır.

Cəbrayıl rayonuna qayıdış hələ 5 il bundan öncə Aprel döyüşləri zamanı əldə etdiyimiz qələbədən sonra başlamışdı. Cocuq Mərcanlı kəndinə sakinlərin o zaman qayıdışı Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Böyük Qayıdışın əsasının qoyulması oldu. Öz ev-eşiyindən, doğma yurd-yuvasından məcburi köçkün düşmüş bir milyondan çox soydaşımızın 30 il həsrətlə gözlədiyi Böyük Qayıdış məhz Cəbrayıl rayonundan başladı.

Cəbrayıl rayonuna səfəri zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsində əldə olunan parlaq Zəfərin xalq-iqtidar-ordu həmrəyliyi nəticəsində mümkün olduğunu qeyd edərək, Azərbaycanın tarixi ədaləti bərpa etdiyinə diqqət çəkdi. Cənab Prezident, eyni zamanda Ermənistana və Azərbaycanın qələbəsini həzm etməkdə çətinlik çəkən bütün qüvvələrə qarşı qətiyyətli şəkildə xəbərdarlıq etdi ki, münaqişə bitib, Azərbaycan sülh və təhlükəsizlik naminə müxtəlif əməkdaşlıq platformaları təklif edib və bu platformalar çərçivəsində Ermənistan da daxil bütün qonşu ölkələrlə əməkdaşlıqda maraqlıdır. Azərbaycan xalqı və dövlətinin milli maraqlarını hər zaman əsas tutan Prezident İlham Əliyev qonşu ölkələrə, xüsusilə də İrana mesaj verdi ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət yürüdür. Heç bir ölkə Azərbaycanın suveren hüquqlarını poza bilməz və əsla bu fikrə düşməsin.

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı parlaq Zəfərlə regionda yeni reallıqlar yaradıb və bu reallıqları hər kəs qəbul etməlidir. Artıq vəziyyət heç bir halda müharibədən əvvəlki halına qayıtmayacaq və qayıda da bilməz. Odur ki, regionun təhlükəsizliyi üçün region ölkələri gələcəyə baxmalı və bu əsasda münasibətlər qurmalıdırlar. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyini qeyd edən Prezident İlham Əliyev onu da bildirdi ki, 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ,  yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Bu sözlər hər bir vətəndaşda böyük sevinc və qürur hissləri yaradır, Azərbaycan dövlətinin gücünü bir daha təsəvvür etmək imkanı yaradır. Azərbaycanın artan gücündən isə erməni lobbisi və anti-Azərbaycan dairələr kəskin narahatlıq keçirməkdədirlər. Məhz bunun üçün də ölkəmizə, dövlətimizə qarşı yeni təxribatlar aparılır. Azərbaycan xalqı Vətən müharibəsi günlərində olduğu kimi, bundan sonra da öz birliyini, həmrəyliyini nümayiş etdirəcək, istənilən təxribat cəhdlərinə qarşı barışmaz mövqe sərgiləyəcək və Dəmir Yumruğun hər zaman yerində olduğunu göstərəcəkdir.