YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı

Cavid Osmanov

Yeni Azərbayan Pariyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan Respublikasının cənub qərbində yerləşən Qubadlı rayonu 27 il erməni işğalında qaldı. Ermənistan işğalda saxladığı digər ərazilərdə olduğu kimi Qubadlı rayonu ərazisində də talançılıqla məşğul olmuş, bütün maddi-mədəni infrastrukturu yerlə yeksan etmişdir. Belə ki, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

Əlverişli təbii-coğrafi mövqeyi olan Qubadlı rayonunda əkinçilik üçün daha geniş imkanlar vardır. İşğala qədər də rayon ərazisində çoxillik bitkilərin becərilməsi və üzümçülük üstünlük təşkil etmişdir. Faydalı qazıntı ehtiyyatları yüksək olan Qubadlıda mişar daşı, yəşəm, mərmərləşmiş əhəng daşı, tuf daş,  qum-gil və əqiq yataqları mövcuddur. Rayonun faydalı qazıntı ehtiyyatları da işğal dövründə Ermənistan tərfindən talan edilmişdir.

Oktyabrın 20-də Zəngilan şəhəri azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi və  rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər  götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi.

Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev 2020-ci il noyabrın      26-da   “Qubadlının azad olunmasına görə” medalını təsis edərək döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusunu müvafiq Sərəncamları ilə bu medalla təltif etmişdir.

İşğal dövründə  Qubadlı rayonun Xanlıq kəndində hərbi istehkam, hərbi baza qurmuş Ermənistan  Xanlıq kəndində qanunsuz məskunlaşma apararaq xaricdən gətirilən erməniləri xaricdə yaşayan ermənilərin pulu ilə burada salınan qəsəbədə yerləşdirmişdir. Bu isə hərbi cinayət hesab edilir. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur.

Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev  2020-ci il 23 dekabr tarixində Qubadlı rayonuna səfər etmiş və Azərbaycan bayrağını ucaltmışdır. Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedib və ölkəmiz şəhidlər verib. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov kimi öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş igidin adını çəkmək olar.