YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amnistiya aktı – dövlətin öz vətəndaşlarına yüksək dəyər verdiyini göstərən humanizm nümunəsi

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Azərbaycanda həyata keçirilən dövlət siyasəti humanizm və sosial ədalət prinsiplərinə əsaslanır, həmçinin dövlətin öz vətəndaşlarına verdiyi yüksək dəyəri əks etdirir. Bu kontekstdə respublikamızda vaxtaşırı olaraq azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən əfv sərəncamlarının imzalanması, eləcə də amnistiya aktlarının qəbul olunması mühüm əhəmiyyət kəsb edir.

Bu müsbət ənənənin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra insan hüquqlarının təmin olunması istiqamətində mühüm addımlar atılıb, ölüm hökmünə moratorium qoyulub. O dövrdən etibarən Azərbaycanda heç kimə ölüm hökmü tətbiq olunmayıb və sonradan bu cəza növü ləğv edilib. Bununla yanaşı, Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə, müstəqil respublikamızda 1996-cı ildən başlayaraq çoxsaylı əfv sərəncamları imzalanıb, amnistiya aktları qəbul edilib.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən müddət ərzində Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamlarının və fərmanlarının icrası nəticəsində minlərlə məhkum azadlığa qovuşub və ya cəzaları qanunvericiliyə uyğun olaraq azaldılıb. Xüsusi vurğulamaq lazımdır ki, sonuncu amnistiya aktı təşəbbüsü 2016-cı ildə Mehriban xanım Əliyeva tərəfindən olub. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında minlərlə məhkum müxtəlif növ cəzalardan azad edilib.

Yeri gəlmişkən, 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqı üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq və humanizm ənənələrini davam etdirərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən amnistiya elan edilməsi təşəbbüsünün irəli sürülməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Vətən Müharibəsində qazanılmış tarixi Zəfərin birinci ildönümü ilə bağlı bu Qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilən amnistiya aktının ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı proqnozlaşdırılır. Bütövlükdə, amnistiyanın tətbiq ediləcəyi şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azadetmə institutlarının dairəsinə görə bu aktın ən böyük amnistiya olacağı ehtimal edilir.

Şübhəsiz ki, əfv olunanlar dövlətin onlara inam və etibarını daim hiss edirlər, bu isə onlara layiqli vətəndaş olmaq stimulu verir. Azərbaycan ictimaiyyətinin nümayəndələri isə humanizm nümunəsi olan və böyük sosial əhəmiyyətə malik bu addımları yüksək dəyərləndirirlər.

 

 

DİGƏR Xəbərlər Arxiv