YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Dəmir yumruğa” çevrilən “strateji səbr”: Vətən müharibəsi müasir hərbi doktrina prizmasında

Emil Abasov

YAP Pirallahı yerli təşkilatının sədri

         Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın mətanəti, əsgərlərimizin qəhrəmanlığı və hər günü möhtəşəm uğurlarla müşaiyət olunan 44 günlük qələbə, qürur və şəfər yolumuz Azərbaycanın şanlı tarixinə əbədi həkk olundu. 44 günlük Vətən müharibəsinin gedişində bütün dünya Azərbaycan xalqının qeyrətinə, vətənpərvərliyinə, sönməz ruhuna, rəşadətli ordusuna bələd oldu. Qələbə xəbəri dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara möhtəşəm bir sevinc, görünməmiş xoşbəxtlik və özgüvən bəxş etdi.

         Vətən müharibəsi zamanı qısa bir müddət ərzində yəni, 2020-ci il sentyabr ayının 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Xüsusilə Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verdi və aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksək oldu. Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Ali Baş Komandan Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail oldu. Şanlı Ordumuz Ermənistan hakimiyyətini 44 gün ərzində 3 dəfə diplomatik kanallarla atəşkəs üçün yalvarmağa və nəhayət, təslim olmağa və kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bununla da Azərbaycan hərbi sahədəki qələbəsi, siyasi müstəviyə daşıdı. Kapitulyasiya aktına görə, bir güllə atmadan noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı və bayrağımız həmin torpaqlarda dalğalandırıldı. Beləliklə Azərbaycan qısa zaman ərzində nüfuzlu beynəlxalq təşkilatların 30 ilə yaxın müddətdə edə bilmədiklərini etdi və BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edərək nəinki tarixi ədaləti bərpa etdi, həm də Ermənistanı diz çökdürdü.

         Azərbaycanın qısa müddətdə əldə etdiyi parlaq qələbə dünyanın bir sıra hərbi analitik mərkəzlərində ciddi tədqiqat mövzusuna çevrilərək ən müxtəlif ekspert açıqlamaları ilə də yadda qaldı. II Qarabağ müharibəsi hərbi ədəbiyyatda sırf “XXI əsrin müharibəsi”, “tarixdə ilk dron müharibəsi”, “Azərbaycansayağı blitskriq” və s adlarla keçməkdədir. Lakin əslində dünyanın bütün aparıcı hərbi akademiyalarının mütəxəssisləri, görkəmli strateqləri əla anlayırlar ki, Azərbaycanın bu savaşda tətbiq etdiyi strategiya və taktika ən müasir, əsası ABŞ-da qoyulan “Şəbəkəmərkəzli müharibə doktrinasının” ideya və prinsiplərinin yerli şərait nəzərə alınmaqla uğurlu tətbiqidir. Əslində onlarda təəccüb yaradan amil bunu ABŞ kimi superdövlətlərdən sonra ikinci tətbiq edən ölkənin məhz kiçik Azərbaycanın olmasıdır. Bəs nədir “Şəbəkəmərkəzli müharibə doktrinası ?”

         Şəbəkəmərkəzli müharibə doktrinası (ABŞ strateqləri buna network-centric warfare deyir, bundan sonra ŞMD) hərbi qurumların müasir müharibədə hərbi əməliyyat iştirakçılarını vahid şəbəkədə birləşdirərək infokommunikasion üstünlük təmin etməsinə əsaslanır. Bu konsepsiya çoxşaxəli intellektual araşdırmalar və beyin fırtınalarından, müxtəlif exsperiment, simulyasiya və praktiki təcrübələrdən keçərək inkişaf etmiş dövlətlərin hərbi strategiyasında və müdafiə  infrastrukturunda ciddi dəyişikliklərə yol açmışdır. ŞMD hər şeydən əvvəl öz mövcudluğunu qlobal infokommunikasion epoxanın yaratdığı texnoloji inkişafının indiki səviyyəsinə borcludur.

         Hərbi əməliyyatlar aparmağın bu konsepsiyası informasiya-komanda şəbəkəsi yaratmaq hesabına zərbə qüvvələrinin hərbi qüdrətini artırmağı, yəni informasiya mənbəyini (kəşfiyyat), atəş və idarəetmə vasitələrini vahid şəbəkədə birləşdirərək real zaman kəsiyində əməliyyat iştirakçılarını real vəziyyətlə bağlı tam və mötəbər informasiya ilə təmin etmək üzərində qurulub. Nəticədə qüvvə və vasitələrin idarə edilməsi sürətlənir, əməliyyatın tempi yüksəlir, düşmənin canlı qüvvə və texnikası daha effektiv məhv edilir, itkilər azalır və əməliyyat tamamilə sinxronlaşdırılır. Bu şəbəkə yeni texnologiyalarla birləşərək insanların və prosesin bütünlükdə təşkilini keyfiyyətcə yəni yeni mərhələyə qaldırır, hərb meydanında yeni davranış formaları və vərdişləri meydana çıxarır.

ŞMD əsasən 3 təməl prinsipə əsaslanır:

         1. Kifayət qədər etibarlı məlumat mənbəyinə sahib olan qüvvələr keyfiyyətli informasiya mübadiləsi nəticəsində düşmən üzərində böyük üstünlük əldə edir. (Azərbaycan Silahlı Qüvvələri dəqiq kəşfiyyat məlumatları nəticəsində düşmənin yerdəyişmələri haqda dəqiq və dolğun informasiyaya sahib idi.)

         2. Sürətli informasiya mübadiləsi istər-istəməz əməliyyatın keyfiyyətini artırır və baş verənlər haqda real mənzərənin obyektiv və əhatəli təsvirini yaradır. (Müharibənin ilk günlərindən infokommunikasion sistemində yaranan çaşqınlıq, primitivlik onlarda əməliyyat meydandakı fəal vəziyyətə təhlil edib düzgün və operativ qərar qəbul etmə imkanlarından məhrum etmişdi. Təsadüfü deyil ki, separatçıların sözcüsünün dediyini Ermənistan müdafiə nazirliyi təkzib edirdi və ya tam əksi baş verirdi.Bu xaos savaşın sonunadək davam etdi.)

         3.  Nəticədə ümumi situasional məlumatlılıq, birliklər arasında əməkdaşlıq, yardımlaşma və sinxronluq təmin olunur, komanda və əmrlərin dayanıqlılığını, operativliyini artırır, bu isə öz növbəsində hərbi tapşırığın uğurla yerinə yetirilmə effektivliyini yüksəldir. (Ermənilərin 2020-ci ilin oktyabr ayındakı cılız əks-hücum cəhdinin iflasa uğramasında bu amilin çatışmaması mühüm rollardan birini oynadı.)

         Bu prinsiplərdən yola çıxaraq ŞMM modelini ənənəvi analoqlarından fərqləndirən bir sıra xarakterik xüsusiyyətləri nəzərdən keçirə bilərik.

         1. Qüvvələr və vasitələrin coğrafi yerləşməsində geniş imkanlar açır. Ənənəvi müharibə üsulunda birlik və arxa təhcizat eyni rayonda, düşmənə və ya onun obyektinə bilavasitə yaxınlıqda mövqe tutmağı nəzərdə tuturdusa, yeni konsepsiya bu zərurəti ortadan qaldırır və bu praktikada sübut olunub. (Ermənilər dəfələrlə etiraf etdiyi kimi Azərbaycan Silahlı Qüvvələri onların atəş məsafəsindən uzaq ərazilərdən zərbələr endirərək istehkam, texnika, canlı qüvvə və vasitələrini uğurla sıradan çıxarırdı. Dəqiq nöqtə atışları və PUA-lar məhz bu aspektdən həlledici sözünün dedi.)

         2. ŞMM yalnız intellektual və smart texnologiyalarla həyata keçirilə bilər. Yəni ki, ŞMM konsepsiyası ilə hərbi əməliyyatlar aparmağa qərar verən dövlərlər hər şeydən əvvəl bu vasitələrə sahib olmalıdır. Bu amil isə ölkənin iqtisadi imkanları və kadr potensialı ilə birbaşa əlaqədardır. Misal üçün 2003-cü ildəki İraq kompaniyasında bu ölkənin üzərində 40-a yaxın ABŞ peyki mövqe tutmuşdu və təkcə 5-ci ordu korpusunun kəşfiyyat sistemi bir saat ərzində düşmənin 1000-ə yaxın yerüstü hədəfini dəqiq izləyə bilirdi. (Azərbaycanın kosmik məkandakı Azərspace, Azərsky bu savaşda öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər. Bu sıraya kəşfyyat dronlarını, elektronik aşkarlama vasitərərini də əlavə etmək olar. Yuxarıda qeyd etdiyimiz cılız erməni əks-hücumun iflasında bu faktorun rolu əvəzolunmazdır.)

         3. Digər fərq döyüş meydanındakı obyektlər arasında effektiv kommunikasiyanın mövcudluğudur. Bu amil coğrafi məkanı düzgün bölüşdürmüş birliklərə birgə fəaliyyət, ümumi iş həcmi və məsuliyyəti dinamik paylaşmaq və beləcə situasiyaya sürətli adaptasiya imkanları yaradır. (Bu müharibədə Hərbi hava qüvvələrinin, Quru qoşunlarının, PUA-ların öz fəaliyyətini raket-artilleriya qoşunları ilə mükəmməl əlaqələndirilməsi savaşın taleyini həll edən mühüm amillərdəndir.)

         Hərbi əməliyyatın uğurlu nəticələnməsi ŞMD-a görə dörd mərhələdən ibarətdir.

         1. sahib olduğu informasiya-kommunikasiyanın texnoloji üstünlüyü sayəsində qabaqlayıcı tədbirlərlə düşmənin kəşfiyyat-informasiya sistemini, informasiya-təhlil və idarəetmə şəbəkəsini sıradan çıxarmaq; (Azərbaycanın malik olduğu ən müasir REM(radio-elektron mübarizə) vasitələri savaş boyunca erməni silahlı qüvvələrini böyük ölçüdə “kar” və “kor” etdi.)

         2. düşmənin HHM sistemini sıradan çıxarmaqla havada üstünlüyə yiyələnmək; (Düşmənin HHM sistemini aşkarlayıb sıradan çıxarmaq üçün “kukuruznik” An-2 təyyarələrindən istifadə gözlənilməz və innovativ addım idi.)

         3. beləliklə, idarəetmə və informasiya vasitələrindən məhrum edilmiş düşmənin raket komplekslərini, artilleriya və zirehli texnikasını mərhələli şəkildə sıradan çıxarmaq; (Ermənilərin hərbi texnikasının yüksək texnoloji vasitələrə mərhələli şəkildə və məqsədyönlü ardıcıllıqla necə məhv edildiyi hər kəsə Müdafiə Nazirliyinin hərbi xronikalarından yaxşı tanışdır.)

         4. düşmənin müqavimət ocaqlarını qəti olaraq məhv etmək. (Bütün yuxarıda sadalananlardan sonra düşmənin əlverişli mövqedə yerləşən və 30 ildir möhkəmləndirilmiş müqavimət ocaqlarının az itkiylə məhv edilməsinin real səbəbləri hesab edirəm ki, hər kəs üçün aydın olur. Həqiqətən də, hücum edən tərəfin müdafiə olunandan ən az 2 dəfə az itki verməsi hərb tarixində nadir rastlanılan hadisələrdəndir.)

         Təsadüfi deyil ki, dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası, yüksək peşəkarlıq, orduda yüksək nizam-intizam, mobillik, hərbçilərimizin müasir hərbi texnologiyalardan məharətlə istifadə etməsi, Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbiçilərinin yüksək mənəvi-psixoloji durumu, eyni zamanda Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, Onun zəruri müdaxilələri, korrektələri qazanılan parlaq qələbənin kökündə dayanan mühüm amillərdəndir. Müharibədən sonra Qələbənin əbədiləşdirilməsi üçün Qələbə münasibətilə medal və ordenlərin təsis olunmuş, müharibə zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşdular.

          Müharibə zamanı biz tək torpağımızı qazanmadıq, biz yenilməzliyimizi, özgüvənimizi və cəsurluğumuzu təsdiqlədik. Şuşanın cıdır düzündə yenidən doğulan millətin lideri olan Prezident İlham Əliyevin dəmir yumruğu birlik və tükənməz güc rəmzi kimi bütün dünyanı heyran etdi. Bu birliyin təməlini İkinci Qarabağ savaşından öncə əldə olunmuş xalq-iqtidar, milli-siyasi həmrəylik təşkil edir. Xalqımızın ordumuza güclü dəstəyi, xalq, ordu “nəyi, nə zaman və necə etməyi” hər kəsdən daha aydın təsəvvür bir strateji zəkaya sahib Ali Baş Komandana olan yüksək inam və etimad dəmir yumruğa çevrilərək Ermənistan və onun xarici havadarlarının başına endi. Vətən müharibəsi dövründə xalq olaraq güclü birlik və həmrəylik nümayiş etdirdik. Bir daha sübut olundu ki, Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqı birləşdirən məhək daşıdır.

         44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsi regionda yeni iqtisadi, siyasi və hərbi reallıqlar yaratdı. Bu gün ölkəmizlə daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı da durmadan artır. Bir sözlə, İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi Qələbə ilə Azərbaycan həm də bölgədəki lider statusunu ciddi şəkildə möhkəmləndirdi. İndi qalib ölkə kimi Azərbaycan oyun qaydalarını özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə əməkdaşlıq təkliflərini açıq şəkildə bildirir və regionda sülhün və sabitliyin qarantı kimi çıxış edir.