YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: Gələn ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsidir

“Müstəqil Azərbaycan dövləti özünün çoxəsrlik dövlətçilik tarixinin ən şanlı, ən şərəfli günlərini yaşayır. Əlbəttə, bir vətəndaş olaraq, bir azərbaycanlı olaraq, bu günlərə şahidlik etmək hər birimiz üçün sonsuz fəxr, iftixar mənbəyidir. Ötən il müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə bizim qürurlu bir xalq olaraq, qüdrətli bir dövlət olaraq, bundan sonra da gələcəyə böyük ümidlərlə baxmağımıza, ölkəmizin inamlı inkişafına zəmin yaratmışdır. Eyni zamanda, şanlı qələbə Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin, yeni bir dövrün başlanğıcı olmuşdur. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrüdür”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Deputat bildirib ki, 2022-ci ilə Azərbaycan yenidən yeni reallıqlar və kifayət qədər mühüm əhəmiyyət daşıyan nailiyyətlərlə daxil olur. Bu baxımdan, növbəti ilin dövlət büdcəsi layihəsində işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə xüsusi əhəmiyyət verilməsi çox önəmlidir və təqdirəlayiqdir. Layihədə Qarabağımızın yer alması, əlbəttə ki, qürurvericidir. Ümumilikdə, büdcə gəlirlərinin proqnozlaşdırılmasında, xərclərin müəyyən olunmasında bu günün tələbləri, eyni zamanda, cəmiyyətin gözləntiləri öz əksini tapmışdır. Səhiyyə, təhsil, müdafiə, COVID-19 pandemiyası ilə mübarizə və digər strateji əhəmiyyətə malik sahələr üçün nəzərdə tutulmuş vəsaitlərin artırılması da dövlətimizin daha da gücləndirilməsinə, cəmiyyətimizin inkişafına öz töhfəsini verəcəkdir.

Millət vəkilinin sözlərinə görə, hər il olduğu kimi, 2022-ci ilin büdcəsi də həm sosial, həm də investisiyayönümlüdür: “Belə ki gələn ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsidir. Biz Qarabağımıza qayıtmışıq və indi öz yurdumuzu, öz evimizi tikirik. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı, bu dövr ərzində tamamilə dağıtdığı, talan etdiyi kənd və qəsəbələrimizi, şəhərlərimizi bir yenidən quracağıq və biz möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, öz yurdlarımız dirçəldəcəyik. Azərbaycan Vətən müharibəsində döyüşərək, savaşaraq, öz torpaqlarını azad edərək hər kəsə öz gücünü göstərdi. Bu gün isə quraraq, yaradaraq öz qüdrətini nümayiş etdirir. Ona görə də düşünürəm ki, gələn ilin büdcəsinin prioritet xərclərində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasınını ön sırada dayanması tamamilə obyektivdir və dövrün, zamanın çağırışlarına adekvatdır. İkinci mühüm məsələ dövlət büdcəsindən hərbi məqsədlər üçün kifayət qədər vəsaitin ayrılmasıdır. Əlbəttə, münaqişə artıq bitib, geridə qalıb. Amma biz yenə də Silahlı Qüvvələrimizi, Ordumuzu gücləndirməyə davam etməliyik və post-münaqişə dövründə Ermənistanın təxribatları da göstərdi ki, arxayınlaşmaq olmaz. Biz Ordumuzun müdafiə qabiliyyətini daha da möhkəmləndirilməliyik, sərhədlərimizin etibarlı qorunmasını təmin etməliyik. Əlbəttə, dövlət büdcəsində sosial sahə üçün də yetəri qədər xərclər nəzərdə tutulub və bu vəsait həm Vətən müharibəsində tarix yazmış qüdrətli ordumuzun hər bir fərdinə, şahid ailələrinə, müharibədə saxğlamlığını itirmiş vətəndaşlarımıza, həssas kateqoriyadan olan digər vətəndaşlarımıza daha artıq qayğı göstərməyə, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcəkdir.

Son illər ərzində Prezident İlham Əliyev tərəfindən sistemli şəkildə həyata keçirilən məqsədyönlü və düşünülmüş islahatlar nəticəsində ölkəmizin bütün regionlarında iqtisadiyyatın sürətli inkişafı, insanların yaşayış şəraitinin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, işsizliyin azaldılması, sabitliyin möhkəmləndirilməsinin təmin edilməsi istiqamətində bir çox işlər həyata keçirilmişdir”.