YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın yaranması tarixi zərurət idi

Tofiq Cahangirov

YAP İdarə Heyətinin üzvü

Yeni Azərbaycan Partiyası çox çətin və keşməkeşli, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı bir vaxtda yaradıldı. Bu gün həmin tarixi gündən 29 il ötür. Düz 29 il əvvəl - 1992-ci ilin noyabr ayının 21-də yaradılan YAP cəmi altı ay sonra hakimiyyətə gəldi və iqtidar partiyasına çevrildi. O dövrdə "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır" deyən Ulu Öndər Heydər Əliyev ölkədə sabitliyin bərpasını və vətəndaş həmrəyliyini son dərəcə vacib hesab edirdi. Ümummilli lider o zaman böyük uzaqgörənliklə bildirirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Məhz buna görə də Ulu Öndər Azərbaycanın güclü dövlətçilik xəttini, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli intibah və inkişafının təməl sütunu olan ideyanın - azərbaycançılıq məfkurəsinin əsasını qoydu.

Məlumdur ki, o dövrdə Azərbaycan öz müstəqilliyinə yenidən qovuşmuşdu. Dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycanın qarşısında bu müstəqilliyi qoruyub saxlamaq, dövlətçiliyimizi inkişaf etdirmək, demokratik islahatlar aparmaq kimi mühüm vəzifələr dururdu. Lakin müstəqilliyimizin elə ilk günlərindən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr nəticəsində ölkəmiz yenicə əldə etdiyi müstəqilliyini itirmək və Azərbaycan Demokratik Respublikasının acı taleyini yaşamaq təhlükəsi qarşısında qalmışdı.

Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunmuş, müharibə aparan ölkənin paytaxtında isə torpaqların itirilməsi təlaşı deyil, hakimiyyətə yiyələnmək hərisliyi yaşanır, hər bir siyasi təşkilat özünə silahlı dəstə yaradır, tam özbaşınalıq hökm sürürdü. İctimai fəlakətlə üz-üzə qalmış xalqımız, respublika ictimaiyyəti yaxşı dərk edirdi ki, dövlət müstəqilliyimizi yalnız və yalnız Heydər Əliyev dühası, onun dövlət idarəçiliyində zəngin təcrübəsi, dərin ağlı və zəkası, mübarizliyi, milli mənafeyə sadiqliyi qoruya bilər. Xalqın ümummilli hərəkata çevrilmiş çağırışı ilə bu ağır dövrdə "Ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycannın müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" deyərək, ölkəyə rəhbərliyi və ən əsası, xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev mövcud siyasi, hakimiyyət və dövlət böhranının aradan qaldırılması yollarını, müstəqil Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi.

YAP-ın yaranmasından danışarkən bir məqamı da xüsusi vurğulamamaq mümkün deyil. Belə ki, bu siyasi təşkilatın yaradılması tarixi zərurət idi. O zaman xalq nicat yolunu, yalnız Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. Elə həmin vaxtlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət, bütövlükdə, Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi. Çünki o dövrdə ölkənin üzləşdiyi problemlərin öhdəsindən layiqincə gələ biləcək şəxs yalnız Ulu Öndər Heydər Əliyev ola bilərdi. Ona görə də, 1992-ci il noyabrın 21-də Naxçıvanda yaradılan YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi.  Bir il sonra isə Heydər Əliyev prezident seçkilərində xalqın səsini qazandı.

Yenidən Azərbaycanda hakimiyyətə gələn Ümummili liderin böyük qətiyyəti və iradəsi, nadir və iti dövlətçilik zəkası, incə siyasi duyumu, misilsiz vətəndaşlıq hünəri, Azərbaycan xalqının müstəqilliyi yolunda öz həyatını qurban verməkdən belə çəkinməməsi nəticəsində dövlətçiliyimizin möhkəmləndirilməsi yolundakı maneələr məharətlə dəf edildi.

Uğurlu xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün artan beynəlxalq nüfuzu, təminatlı dövlət hakimiyyətinin mövcudluğu dünyanın ən nüfuzlu şirkətləri tərəfindən iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda investisiya qoyulmasını şərtləndirirdi.

Düşünülmüş neft strategiyası, siyasi və iqtisadi islahatlar dünya dövlətlərinin diqqətini cəlb etdi və 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" kimi məşhur olan irimiqyaslı beynəlxalq neft Sazişi imzalandı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi barədə razılıq əldə edildi. Bununla da bütün regionda siyasi sabitliyin əsası qoyularaq Azərbaycana dost dövlətlərin sayı qısa müddətdə xeyli artırıldı.

Hərtərəfli iqtisadi islahatlar, o cümlədən, aqrar islahatı, özəlləşdirmə aparıldı, sənayedə və kənd təsərrüfatında tənəzzül aradan qaldırıldı, uğurlu iqtisadi siyasət əhalinin rifahını xeyli yüksəltdi, dövlətimizin ərazi bütövlüyünü hərbi yolla təmin etməyə qadir olan milli ordu yaradıldı. Bir sözələ, xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da, ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

Qeyd etdiyimiz kimi, bu gün artıq YAP-ın yaranma tarixindən 29 il ötür. Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü inkişaf etmiş, dünyada öz sözünü deyən, çəkisi olan bir dövlətdə qeyd edirik. Bu, hər bir azərbaycanlını qürurlandırır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanıb. Son 18 ilin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycannın uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Bu həqiqətin əsasını, Cənab İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşib.Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə edilib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur.

Bu gün xalqımız ötən il torpaqlarımızın erməni işğalından azad edilməsinin ildönümünü qeyd edir, ölkədə qələbə əhval-ruhiyyəsi davam edir. Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu da onun layiqli davamçısı Prezident İlham Əliyev yerinə yetirdi. 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız mənfur düşməndən azad edildi, düşmən torpaqlarımızdan qovuldu, ərazi bütövlüyümüz bərpa edildi. Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli iradəsi, müdrik siyasətinin nəticəsidir ki, bu şanlı qələbə tariximizə həkk olundu. Bu tarixi Zəfəri qazanan xalqımız bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir!