YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Birqit Bişof Ebbesen: Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Noyabrın 25-də Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinin Beynəlxalq Federasiyasının Avropa üzrə direktoru xanım Birqit Bişof Ebbesen ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Milli Məclisin sədri Azərbaycanın Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri ilə əməkdaşlığa əhəmiyyət verdiyini deyib. Bildirib ki, ölkəmiz uzun illərdir ki, bu qurumlarla yaxından əməkdaşlıq edir. Təəssüf ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış bir sıra problemlər hələ də öz həllini tapmayıb.

S.Qafarova diqqətə çatdırıb ki, Birinci Qarabağ müharibəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb və onların taleyi hələ də məlum deyil. Həmin şəxslərin ailələri, yaxınları bu gün də onlardan məlumat ala bilmirlər. Bu münaqişə nəticəsində 1 milyona yaxın azərbaycanlı doğma yurd-yuvalarından didərgin düşüb, məcburi köçkün və qaçqın olublar. Onların həyat şəraitinin yaxşılaşdırılması Azərbaycan dövlətinin prioritet məsələsi olub. Həmin şəxslər dövlətin daimi qayğısı ilə əhatə olunublar.

Sahibə Qafarova qeyd edib ki, münaqişə artıq tarixə qovuşub. Azərbaycan bölgədə sülhün və sabitliyin bərqərar olunması üçün çalışır. İşğaldan azad olunmuş ərazilərdə artıq bərpa və yenidənqurma işləri başlayıb, məcburi köçkünlərimiz tezliklə öz doğma yurd-yuvalarına qayıtmalıdırlar.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı ədaləti bərpa edərək Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etməsi nəticəsində 30 illik münaqişə başa çatıb. Lakin buna baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin tam xəritələrini verməkdən imtina edir. Bununla da beynəlxalq hüququn tələblərini pozmaqla yanaşı, həm də bölgədə sülhün və sabitliyin təmin olunmasına mane olur.

Söhbət zamanı Sahibə Qafarova “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə istinad etməyin yolverilməz olduğunu bildirib. Qeyd edib ki, “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Azərbaycan ötən il Vətən müharibəsində qazandığı tarixi Zəfərlə ərazi bütövlüyünü bərpa edib. Bununla da ölkəmiz həm də BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini özü yerinə yetirib.

Azərbaycan Milli Məclisinin sədri ilə görüşməsindən məmnunluğunu ifadə edən Birqit Bişof Ebbesen Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının gördüyü işlərdən və ölkəmizlə əməkdaşlığı barədə danışıb. Bildirib ki, Federasiya dünyanın müxtəlif ölkələrində fəlakət qurbanlarına yardım göstərmək məqsədilə müvafiq əməliyyatlar keçirməklə yanaşı, əsas qüvvəsi olan milli cəmiyyətlərin potensialının gücləndirilməsi istiqamətində işlər aparır. Milli cəmiyyətlər arasında əməkdaşlığın mövcudluğu Federasiya tərəfindən ehtiyacı olanlara yardımın göstərilməsində və çatdırılmasında geniş imkanlar yaradır. O, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, bunun üçün mövcud imkanların dəyərləndirilməsinin vacibliyini bildirib.

Söhbət zamanı digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

DİGƏR Xəbərlər Arxiv