YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sumqayıt şəhər təşkilatında Ümummilli lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş konfrans keçirildi

YAP Sumqayıt şəhər təşkilatında müasir dövlətçiliyimizin banisi Ümummilli lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş “Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin banisidir” mövzulu elmi-praktik konfrans keçirildi.

Konfransdan öncə YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Ramiz Hüseynov, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov müstəqil dövlətçiliyimizin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular.

Konfrans karantin qaydalarına riayət olunmaqla əyani və buna paralel olaraq onlayn formatda keçirildi.

Konfransı giriş nitqi ilə açan YAP İdarə Heyətinin üzvü Ramiz Hüseynov  bildirdi ki, dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli liderimiz Heydər Əliyevin Anım günüdür. Tarixi şəxsiyyət, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı Heydər Əliyev bütün həyatını dövlətçiliyimiz və xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə ərmağan etmişdir. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. Ulu Öndərin Anım Gününü qeyd etdiyimiz bu günlər tarixi günlərdir. Heydər Əliyevin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin onun layiqli davamçısı olan möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsidir. Xalq-iqtidar birliyi şanlı qələbəmizi təmin etmiş oldu. Ramiz Hüseynov çıxışının sonunda onu da vurğuladı ki, ölkəmiz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf edir. Ölkəmizin sosial-iqtisadi və mədəni həyatını əhatə edən bütün sahələrdə əldə olunan uğurlu nəticələr həm də Ulu Öndərin ruhu qarşısında bir hesabatdır.

Azərbaycan xalqının xilaskarı, zəmanəni qabaqlayan fenomen Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfrans çərçivəsində deputat Tahir Mirkişili “İqtisadi inkişafda Heydər Əliyevin rolu” mövzusunda məruzə etdi. Məruzəçi Heydər Əliyevin atdığı addımların heç birinin təsadüfi olmadığını bildirərək Əsrin müqaviləsinin məhz bunun göstəricisi olduğu haqqında danışdı. Azərbaycanın “keçici bayraqlar” altında olarkən çökmüş iqtisadiyyatının problemlərinin Ulu Öndərin müdrik iqtisadi siyasət kursu ilə aradan qaldırılaraq bugünki iqtisadi inkişafa nail olunduğu haqqında geniş məruzə etdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi, Əsrin müqaviləsi kimi uğurlu addımların ölkə tarixində köklü inkişafa səbəb olmasını vurğuladı.

Sonra deputat Hicran Hüseynova “Ulu Öndərin varislik prinsipi: tarix və müasirlik” mövzusunda məruzə etdi. Hicran Hüseynova çıxışına Ulu Öndərin: “Mənim həyatımda nə qədər ki, Azərbaycan var mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” kəlamıyla başladı. Deputat Ümummilli lider Heydər Əliyevin fəaliyyətində mədəni-tarixi irsə olan xüsusi diqqət və qayğı, Ulu Öndərin dövründə Azərbaycanın yenilənməsi, Milli kadrların yetişdirilməsi, elm və incəsənət xadimlərinə yönələn diqqət və qayğı haqqında geniş məruzə etdi.

Konfransda deputat Müşfiq Məmmədli “Ümummilli lider Heydər Əliyev milli dövlətçiliyin banisidir” mövzulu məruzəsi ilə davam etdirdi. Müşfiq Məmmədli məruzəsində Azərbaycanın çətin yollardan keçərək çiçəklənmə dövrünə gəlib çıxdığını bildirdi. Ordu quruculuğuna xüsusi diqqət verən Ulu Öndərin siyasətinin davamı olaraq 44 günlük Vətən müharibəsində Zəfər qazanan ölkəmizin güclü ordusu haqqında danışdı. Müdrik siyasətçi Heydər Əliyevin sayəsində müstəqilliyinə qovuşmuş ölkədə yaşamaqdan məmnunluğunu ifadə etdi.

Daha sonra Teymur Səmədov “Heydər Əliyevin siyasi rəhbərliyi illərində Sumqayıtın dirçəlişi” mövzusunda məruzə etdi. Teymur Səmədov məruzəsində Ümummilli liderin Sumqayıt şəhərinə olan xüsusi diqqət və qayğısı, 16 dəfə Sumqayıt şəhərinə etdiyi səfər, Sumqayıtın yenilənməsi, şəhərdəki yenidənqurma işləri barəsində geniş məruzə etdi.

Məruzələr dinlənildikdən sonra SOCAR Azərkimya İB-nin Etilen-Polietilen Zavodunun ərazi partiya təşkilatının sədri Nigar Cəfərova və Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Təmizlik Departamentinin ərazi partiya təşkilatının sədri Ramil Fərəcli məruzələr ətrafında çıxış etdilər.