YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdə ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsi hörmət və ehtiramla anılıb.

Fransadakı səfirliyimizin və UNESCO yanında Daimi Nümayəndəliyimizin birgə təşkilatçılığı ilə Ulu Öndərin xatirəsinə həsr edilmiş virtual konsert olub.

Konsertdən əvvəl Fransadakı səfirimiz Rəhman Mustafayev çıxış edərək, ümummilli lider Heydər Əliyevin həyat yolu və zəngin dövlətçilik fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra ölkəmiz müstəqilliyini yenidən bərpa etdiyi vaxt Ermənistanın hərbi təcavüzü ilə üzləşib. İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa macal tapmamış ölkəyə rəhbərlik böyük məsuliyyət tələb edirdi. Yalnız Heydər Əliyev belə məsuliyyətin öhdəsindən gələ bilərdi və gəldi. Azərbaycanın çox çətin və mürəkkəb anında hakimiyyətə yenidən gələn Heydər Əliyev ölkəmizin tarixində əsaslı dönüş yaradıb. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində ölkəmizin iqtisadiyyatı dirçəldi, Azərbaycan beynəlxalq arenada mühüm yer tutdu.

Qeyd edib ki, İkinci Dünya müharibəsinin sonunda Şarl dö Qol Fransanın çox çətin anlarında hakimiyyətə gələrək, ölkəsini ağır vəziyyətdən çıxardı. Heydər Əliyev də Azərbaycanın ən çətin və mürəkkəb vaxtında hakimiyyətə gələrək, ölkəmizi çətin vəziyyətdən çıxardı, ölkənin inkişaf istiqamətlərini müəyyənləşdirdi.

Vurğulayıb ki, Azərbaycanın beynəlxalq arenada layiqli yerini tutması, regionun lider dövləti olması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan dövləti Ulu Öndərin qoyduğu irs əsasında hərtərəfli inkişaf edir.

Sonra Ulu Öndərin xatirəsinə həsr edilmiş konsert olub. Timur Abdikeyev (bariton), Albertin Obert (ckripka), Səidə Zülfüqarova (piano), Ağarəhim Quliyev (fleyta), Səddam Novruzbəyov (balaban) Azərbaycan və xarici bəstəkarların musiqilərini səsləndiriblər.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş çıxış və konsert Fransadakı səfirliyimizin feysbuk səhifəsindən birbaşa yayımlanıb.