YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Avropa İttifaqı və NATO-nun etibarlı tərəfdaşıdır

Vüsar İsmayılov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri                           

Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti çərçivəsində keçirilmiş tədbirlərdə iştirakı etibarlı tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq əlaqələrindən xəbər verir. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr bu günədək bir sıra çox əhəmiyyətli məsələlərdə qarşılıqlı hörmət və əməkdaşlıq çərçivəsində həyata keçirilib, bu gün də bu əlaqələr uğurla inkişaf edir. Avropa İttifaqı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın hüquqi təminatçısı isə 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədidir və yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxu artıq başa çatıb. Bu əməkdaşlığın hüquqi əsası və bu günkü davamlı inkişaf dinamikası ilə yanaşı, perspektivləri də olduqca mühümdür. Belə ki, ittifaqın 9 üzv dövləti, yəni quruma üzv ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığa dair sənədlər imzalanıb. Xüsusilə energi sahəsindəki əməkdaşlıqlar və əldə olunan nəticələr regionların və ölkələrin birgə inkişafına, gələcək hədəflərinin uğurla icra olunmasına əsaslı zəmin yaradır. XXI əsrin ən böyük infrastruktur layihələrindən biri olan 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi, eyni zamanda layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazı Avropa məkanına, daha dəqiq desək, İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan qazının ixrac coğrafiyası Avropa İttifaqının digər üzv ölkələrinə də genişləndirilə bilər.

Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində də Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr qarşılıqlı anlaşma və əməkdaşlıq mövqeyi ilə seçilir. Avropa İttifaqının təşəbbüsü ilə aparılan danışıqlar praktiki əhəmiyyət daşıyır və bu ittifaqın təşəbbüsləri təqdirəlayiqdir. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirəsi olduqca səmərəlidir. Azərbaycanın bu məsələlərdəki haqlı mövqeyi və regionda sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində atdığı addımların yüksək qiymətləndirilməsi ölkəmizin beynəlxalq uğuru ilə yanaşı, həm də haqlı mövqeyinin dəstəklənməsi deməkdir. Azərbaycanın Ermənistana sülh çağırışları və nəqliyyat dəhlizlərinin açılması məsələlərini irəli sürməsi regionun, ümumilikdə isə dünyanın inkişafına mühüm töhfədir.

Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, daha sonra isə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən birgə üçtərəfli görüş bu baxımdan əhəmiyyətlidir. Həmin görüşdə Azərbaycanın haqlı mövqeyini təsdiq edən çıxışların edilməsi və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin nizama salnması və Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasının vacibliyinin önə sürülməsi Azərbaycanın siyasi və diplomatik qətiyyətindən xəbər verir. Bir sözlə, Azərbaycanın milli maraqlarına xidmət edən razılıqların əldə olunması ilə yekunlaşmış üçtərəfli görüş ölkəmizin siyasi tarixində mühüm əhəmiyyət kəsb edir.

2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər Ermənistan tərəfindən birmənalı olaraq yerinə yetirilməlidir. Eyni zamanda Avropa İttifaqı işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində də məşvərətçi statusda dəstək göstərə bilər.

Avropa İttifaqı Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığı dəstəkləyir və yeni birgə iqtisadi əməkdaşlıq platformasının, kommunikasiya infrastrukturunun yaradılması, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılması və inkişaf etdirilməsini təklif edir.

Avropa İttifaqı ilə yanaşı NATO ilə əlaqələr də etibarlı tərəfdaşlıq əlaqələri çərçivəsində uğurla və dövlətimizin maraqlarına cavab verəcək şəkildə davam etdirilir. Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidməti beynəlxalq təşkilatlar tərəfindən yüksək qiyməyləndirilir və bu dəstək strateji tərəfdaşlıq münasibətlərinin inkişafından xəbər verir. NATO ölkəmizin bu qətiyyətli mövqeyini dəfələrlə xatırlayaraq təşəkkürünü bildirib. Tarixi xronologiyaya nəzər salsaq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun mənzil-qərargahına 2004-cü ildən bu günə qədər yeddi dəfə işgüzar səfərlərdə olması əməkdaşlığın dinamizmini və davamlı xarakter daşıdığını göstərir. Azərbaycanın 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramında iştirakı böyük əhəmiyyət kəsb edir. Ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dair NATO-ya üzv dövlətlər tərəfindən bir daha dəstək ifadə olunub.

Azərbaycanın səyləri və birmənalı mövqeyi ondan ibarətdir ki, regionda hər hansı yeni müharibə riskləri minimuma endirilsin, regionun iqtisadi inkişafını təmin edəcək və insanların rifahına xidmət edəcək ən yaxşı yol kommunikasiyaları açılsın, aktiv dialoqun qurulması nəticəsində bütün neqativ və təhlükə yarada biləcək məsələlər danışıqlar yolu ilə öz həllini tapsın. Bir sözlə, sülh razılaşması üzərində iş aparılmalı və düşmənçiliyə son qoyulmalıdır. 28 il ərzində aparılan danışıqlarda hər hansı bir nəticəni hasil etməyən ATƏT-in Minsk qrupu isə yalnız Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması və digər məsələlərdə öz töhfəsini verə bilər.

Xüsusilə həlli təxirəsalınmaz tədbirlər tələb edən və regionun simasını və inkişaf dinamikasını dəyişəcək çox mühüm məsələdən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizinin açılması ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapan və Ermənistanın bununla bağlı lazımi şəraiti təmin etməsi üçün öz üzərinə götürdüyü bir öhdəlikdir. Bütün çətinliklərə rəğmən Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu, həmçinin magistral yol inşasına dair razılıq əldə edilib. Zəngəzur dəhlizi təkcə Naxçıvan Muxtar Respublikasına çıxış əldə etmək deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Ermənistan həm də Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir.

Üçtərəfli bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda Azərbaycan Laçın dəhlizində eynisində israr edəcək. Bu qətiyyətli mövqe Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən beynəlxalq tribunalardan səsləndirilir. Azərbaycan dövlətinin mövqeyi sarsılmazdır və dəmir yumruq iradəlidir. Ermənistan öz üzərində götürdüyü bütün öhdəliklərə əməl etməli və onların icrasına süni manelər yaradılmamalıdır.