YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident, müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni zirvələr fəth edəcək

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Cənab Prezident, müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri  İlham Əliyev Heydər Əliyev yolunun müzəffər davamçısı kimi milli maraqlara, bəşəri dəyərlərə əsaslanan səmərəli fəaliyyəti ilə Azərbaycana möhtəşəm nailiyyətlər qazandırmışdır. Ölkəmizə rəhbərlik etdiyi 18 il ərzində Azərbaycan hərtərəfli inkişaf və yüksəlişə nail olmuş, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirmiş, müsbət imic qazanaraq öz gücünü artırmış, söz və nüfuz sahibinə çevrilmişdir.

Cənab Prezident, müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması çoxəsrlik tariximizin zirvə hadisəsidir. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır. Vətəndaşlarımızı milli birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbkarıdır. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. Belə ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Artıq Dağlıq Qarabağla bağlı tamamilə yeni reallıq yaranıb. Prezi­dent, Ali Baş Komandan İlham Əliyevin yaratdığı bu reallıq ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunub, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə gömülüb, tarixi Azərbaycan torpaqların­da yeni erməni dövlətinin yaradılması planlarının üstündən həmişəlik xətt çəkilib. Beləliklə, Azərbaycan Prezidenti Ermənistana və onun havadarlarına Qarabağın Azərbaycanın əzəli ərazisi olduğunu sübut edib.

İctimai-siyasi sabitliyin qorunması, demokratik inkişaf yolunda qazanılmış müvəffəqiyyətlər, güclü və müasir ordu quruculuğu sahəsində əldə olunmuş misilsiz nəticələr, milli həmrəyliyin gücləndirilməsi, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlara uğurla rəhbərlik etməsi, ölkəmizdə mötəbər tədbirlərin keçirilməsi və digər reallıqlar tarixi nailiyyətlərimizdir. Qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. Qlobal təşəbbüslərin müəllifi olan Azərbaycanın üçrəngli bayrağı irimiqyaslı ictimai-siyasi və mədəni tədbirlərdə, habelə nüfuzlu beynəlxalq təşkilatlarda əzəmətlə dalğalanır.

Azərbaycan bugün dünyada nüfuzlu, müstəqil siyasət həyata keçirən nümunəvi ölkə və regionun lideri kimi qəbul edilir.  Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.

Bugün sonsuz qürur hissi ilə qeyd edirik ki, son 18 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə möhkəm təməl üzərində yeni, təkmil islahatlar əsasında inkişaf edir. Bu, Yeni Azərbaycan Partiyasının kəmiyyət və keyfiyyət baxımından inkişafında da özünü aydın şəkildə göstərir. Ötən illərin xronologiyasına diqqət yetirdikdə Heydər Əliyev ideyalarına söykənən partiyamızın gücləndiyinin, nəinki ölkənin, hətta Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatına çevrildiyinin şahidi oluruq. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VII qurultayında dərin məzmunlu nitqi ayrı-ayrı dövrlərin reallıqlarının aydın mənzərəsini yaratmaqla yanaşı, qarşıdakı illərin prioritetlərinin təqdimatı oldu. Qurultayda birliyimizin, həmrəyliyimizin, partiyanın təsis olunmasından ötən 29 il müddətində toplanmış tarixi təcrübə ilə gənc nəslin dinamizmi arasında vəhdətin yaradılmasının, ölkəmizdə siyasi dialoq mühitinin mövcudluğunun təsdiqi olan qərarların qəbulu və sair kimi mühüm addımlar Yeni Azərbaycan Partiyasının daim təkmilləşməyə, yeniləşməyə açıq olduğunu bir daha əyani şəkildə sübut etdi. Ətrafında sıx birləşən, siyasətini yekdilliklə dəstəkləyən dünya azərbaycanlıları əmindirlər ki, Cənab Prezident, müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni zirvələr fəth edəcək, üçrəngli bayrağımız daim ən yüksək zirvələrdə dalğalanacaq.