YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Elman Nəsirov Cəlilabad kəndlərində əsaslı yol təmiri işlərinin gedişi ilə tanış olub

Hazırda Azərbaycanın hər bir güşəsində bütün sahələrin inkişafına diqqət göstərilir. Yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində isə aparılan genişmiqyaslı işlər göz önündədir.

Regionlarımızda yolların təmir və bərpa işləri də sürətlə davam etdirilir. Ötən il 68 saylı Cəlilabad kənd seçki dairəsinə sakinlər tərəfindən daxil olmuş müraciətlərə əsasən adıçəkilən rayonun İranla həmsərhəd kəndlərində yollar əsaslı təmir edilmişdir.

Milli Məclisin deputatı Elman Nəsirov görülən işlərlə yaxından tanış olmaq məqsədilə yanvarın 3-5 tarixlərində aparılan əsaslı yol təmiri işlərinin gedişi ilə yerindəcə tanış olmuşdur.

Kəndlərdə yüksək keyfiyyətli, müasir standartlara cavab verən yol çəkilişi prosesi ilə tanış olan E.Nəsirov xatırladıb ki, təkcə son 18 il ərzində ölkəmizdə 15 min km-dən çox yüksək keyfiyyətli yollar çəkilmişdir.

“Prezident cənab İlham Əliyevin imzaladığı Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası nəticəsində rayonlarımızın və kəndlərimizin siması büsbütün dəyişmişdir” deyən deputat E. Nəsirov bildirib ki, xüsusilə yol infrastrukturu və onun keyfiyyət əmsalı ən yüksək göstəricilərlə xarakterizə olunur: “Təsadüfi deyildir ki, Davos İqtisadi Forumunun son hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 27-ci, MDB məkanında 1-ci mövqedə yer almışdır. Bu baxımdan Cəlilabad rayonu və onun kəndləri də istisna təşkil etmir”.

Qeyd etdiyimiz kimi, respublikanın bütün bölgələri eyni diqqət və qayğıyla əhatə olunmasına baxmayaraq Cəlilabad rayonunun İranla sərhəd kəndlərinin yol infrastrukturunun səviyyəsi heç də ürəkaçan deyildi. Məhz dövlət başçısı Prezident İlham Əliyevin xüsusi qayğısı və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsələyə həssas yanaşması nəticəsində sözügedən problemin tez bir zamanda həlli istiqamətində əsaslı və sistemli işlərin görülməsinə start verilib. Belə ki, uzunluğu 36,2 km olan, 14 yaşayış məntəqəsini (Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzəli-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli) əhatə edən avtomobil yollarının çəkilişinə başlanılıb.

Deputat E.Nəsirov qeyd edib ki, rayonun millət vəkilləri olaraq mövcud problem dəfələrlə Milli Məclisdə qaldırılıb, müvafiq qurumların nəzərinə çatdırılıb. Proseslə tanış olduqdan sonra E.Nəsirov indiki vəziyyətin, əldə olunan nəticələrin olduqca sevindirici olduğunu dilə gətirib.

Kənd sakinləri onlara göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildiriblər: “Müzəffər Ali Baş Komandan, Prezidentimiz İlham Əliyev torpaqlarımızı işğaldan azad edib, indi də onu cənnətə çevirmək kimi bir müqəddəs işi həyata keçirir. Bu işin nə qədər çətin və şərəfli olduğunun fərqindəyik. Eyni zamanda, çox böyük maliyyə məsrəfləri tələb etdiyini də dərk edirik. Bu reallıqlar fonunda bizim kəndlərimizin yol infrastrukturunun yenidən qurulmasına belə xüsusi diqqət ayırmasına görə kənd camaatı olaraq cənab Prezidentə təşəkkür edirik, onu tam dəstəkləyirik. Biz cənab Prezidentimizin ətrafında yumruq kimi birəşmişik”.

Sakinlər kənd yollarının çəkilişinə həm operativ reaksiya verdiyinə görə, həm də yüksək səviyyədə icra etdiyinə görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və onun rəhbərliyinə minnətdarlıq ifadə etdilər.

Sonra millət vəkili E.Nəsirov Əliqasımlı kəndində şəhid Samir Əsədovun atası Aqil Əsədovu ziyarət edib. Şəhid atası Aqil müəllim dövlətimizin şəhid ailələrinə xüsusi həssaslıqla yanaşdığını söyləyib və bu qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Millət vəkili şəhid atasının subartezian quyusunun olmaması səbəbindən içməli sudan əziyyət çəkdikləri ilə bağlı problemini müvafiq qurumlar qarşısında qaldıracağına və həllinə kömək edəcəyinə söz verib.

Daha sonra E.Nəsirov həmin kəndin Vətən uğrunda canından, qanından keçmiş digər oğulları - şəhidlər Saməddin Məmmədov, Rövşən Həsənov və Muxtar Əkbərovun ailə üzvləri ilə də görüşüb. Görüşlərdə şəhid ailələri onlara göstərdiyi xüsusi diqqət və qayğıya görə bir daha müzəffər Prezident İlham Əliyevə sonsuz minnətdarlıqlarını ifadə etdilər.