YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarının nəticələri dünyada yüksək qiymətləndirilir

“Azərbaycanda son 18 ildə iqtisadi sahədə mühüm layihələr icra olunub, bunun nəticəsində böyük uğurlar əldə edilib. Ötən müddətdə ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı işlər görülüb, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Başqa sözlə, avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində respublika ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda, habelə  regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun tərəqqisində əhəmiyyətli rol oynamaqla bərabər, ölkəmizin tranzit potensialını daha da gücləndirib”.

Bu sözləri AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib. O qeyd edib ki, Azərbaycanın bütün bu və digər uğurları, sistemli iqtisadi siyasəti dünyanın aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri tərəfindən yüksək qiymətləndirilir: “Həmin qurumların hesabatlarında respublikamızın sosial-iqtisadi sahələrində əldə edilən müsbət göstəricilər rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar haqqında aydın təsəvvür yaradır. “Fitch Ratings”, “Moody’s”, “Standard & Poor’s” kimi nüfuzlu beynəlxalq reytinq agentliklərinin ölkə iqtisadiyyatının mövcud vəziyyəti və perspektivi ilə bağlı nikbin reytinq qeydləri bunun bariz ifadəsidir. Bu məsələnin ən əhəmiyyətli cəhəti odur ki, obyektiv əsaslar üzərində hazırlanan proqnozlar investorlarda ölkəmizə inamı daha da gücləndirir.

Fikrimin təsdiqi üçün diqqəti konkret məqamlara yönəltmək istərdim. “Standard & Poor's” beynəlxalq reytinq agentliyinin son hesabatında Azərbaycan manatının məzənnəsi ilə bağlı yeni proqnoz da yer alıb. Belə ki, agentliyin yaydığı məlumatda obyektiv əsaslara söykənilərək Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində saxlanılacağı proqnozlaşdırılıb.

Hesabatda, həmçinin bildirilib ki, karbohidrogen qiymətlərinin kəskin aşağı düşəcəyi və uzun müddət həmin vəziyyətdə qalacağı təqdirdə rəsmi orqanlar tərəfindən məzənnəyə düzəliş imkanı nəzərdən keçirilə bilər. Bu isə təbii ki, Azərbaycan Mərkəzi Bankının üzləşə biləcəyi xarici valyuta ehtiyatlarının əhəmiyyətli itkisinin qarşısını almaq məqsədi daşıyır. Bununla belə, “Standard & Poor's”, eyni zamanda, 2026-cı ilə qədər Azərbaycan manatının Amerika valyutası qarşısında məzənnəsinin dəyişməyəcəyini də proqnozlaşdırır.

Ötən il əmtəə birjalarında “Brent” markalı neftin bir barelinin orta qiymətinin 2020-ci ildəki 43 ABŞ dollarına qarşı 71 ABŞ dolları təşkil etdiyini vurğulayan “Standard & Poor's” agentliyi cari ildə qiymətin orta hesabla 75 ABŞ dolları, 2023-cü ildə 65 ABŞ dolları, 2024-2025-ci illərdə isə 55 ABŞ dolları olacağını proqnozlaşdırır. Yeri gəlmişkən, Azərbaycanın cari il üçün büdcəsində neftin orta qiyməti 1 barel üçün 50 ABŞ dolları səviyyəsində müəyyən edilib.

Sözügedən agentliyin ölkəmizlə bağlı proqnozuna əsasən, Cənub Qaz Dəhlizinin fəaliyyətinin qarşıdakı 3-4 il ərzində genişlənməsi nəticəsində Azərbaycanın xarici göstəriciləri daha yaxşılaşacaq. “Standard & Poor's”un analitiklərinin fikrincə, Azərbaycanın xarici aktivlər üzrə güclü mövqeyi də Dövlət Neft Fondunda toplanan xarici aktivlərin böyük həcmi ilə dəstəklənən reytinqin əsas gücü olmaqda davam edəcək”.

E.Bağırov əlavə edib ki, adı çəkilən beynəlxalq reytinq agentliyi bütün bunlarla yanaşı, onu da bəyan edib ki, S&P-nin BB kateqoriyası müəyyənləşdirdiyi ölkələrdən Azərbaycanın fiskal və xarici fond mövqeləri ən güclülərdəndir: “Hökumət əsasən Dövlət Neft Fondu (ARDNF) suveren rifah fondu çərçivəsində əhəmiyyətli likvid aktivləri toplayıb. Agentliyin proqnozlarına görə, 2025-ci ilədək hökumət, təxminən, ÜDM-in 70 faiz səviyyəsində likvid aktivlərə çıxış imkanına malik olacaq, dövlət borcu isə ÜMD-in 30 faizindən aşağı səviyyədə qalacaq. Əlverişli neft qiymətləri də Azərbaycanın maliyyə vəziyyətini və ödəmə balansını dəstəkləyəcək. 

Bütün bu proqnozlar bir daha təsdiqləyir ki, Azərbaycan artıq iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes, investisiya mühiti mövcuddur. Eyni zamanda, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülən, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olub və bütün bunlar dövlətimizin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən, Azərbaycanın uğurlu gələcəyindən xəbər verir”.

DİGƏR Xəbərlər Arxiv