YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan gəncliyinin triumfu 44 günlük Vətən müharibəsi zamanı özünü göstərdi

Elşad Mirbəşiroğlu

Milli Məclisin deputatı

Azərbaycanda gənclər siyasətinin fundamental əsasları ulu öndər Heydər Əliyev tərəfindən hazırlanmışdır. “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” şüarı ilə çıxış edən ulu öndər Heydər Əliyev gənclər siyasətini dövlətin prioritet hədəfləri içərisində ilk sıralara daxil etməklə uzaqgörən və müdrik lider olduğunu bir daha sübut etdi. 1993-cü ildə Azərbaycan xalqının təkifli xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev gənc nəslin inkişafına xüsusi diqqət ayıraraq dövlətin gələcək sütunlarını möhkəmləndirməyə başladı. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Heydər Əliyev böyüməkdə olan gənc nəslə qayğını hər zaman ön plana çəkirdi.

Hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin getdiyi bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən ulu öndər müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzaladı. İlk növbədə ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu qurumun yaradılmasında əsas məqsəd gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etməkdən ibarət idi. Ulu öndər daha sonra 1997-ci il fevralın 2-də imzaladığı Fərmanla fevralın 2-sini Azərbaycan Gəncləri Günü elan etdi. Qürurverici məqam ondan ibarətdir ki, MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Məhz Heydər Əliyevin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci ilk növbədə müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Ulu öndər sonrakı forumlarda etdiyi proqram xarakterli çıxışlarla Azərbaycan gənclərinin qarşısında duran vəzifələri müəyyənləşdirmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi ilə əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoymuşdur. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.

Heç şübhəsiz, ölkəmizdə gənclər siyasətinin fundamental əsaslarını müəyyən edən ən mühüm sənədlərdən biri “Dövlət gənclər siyasəti haqqında” fərmandır. Ulu öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da imzaladığı bu Fərman gənclərin hərtərəfli inkişafı üçün daha böyük imkanlar yaratmış, onların cəmiyyətdə fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza formalaşdırmış və gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına, habelə ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Həmin Fərmanla, o cümlədən Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılmışdır. Bu Fərmanın davamı olaraq, 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Ümummilli liderin gənclər siyasəti sahəsində yaratmış olduğu fundamental baza yeni dövrün çağırışlarına uyğun olaraq Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirildi. Cənab Prezidentin təşəbbüsü ilə gənclər siyasətinin daha da inkişaf etdirilməsinə xidmət edən çoxsaylı uğurlu layihələr icra olundu. Onun 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Sərəncama əsasən, respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması prosesinə start verilmişdir.

Prezident İlham Əliyevin gəncliyin inkişafına naminə imzaladığı fərman və sərəncamlar həm də ölkəmizin gələcəyinə yatırılmış sərmayə kimi səciyyələndirilməlidir. İmzalanmış dövlət proqramları nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşdur. Bu proqram hazırda da uğurla davam etdirilməkdədir. Ümumiyyətlə, gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətini təcəssüm edir

Gənclər Fondunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin yaradılması, o cümlədən “Gənclər üçün Prezident Mükafatı”nın təsis olunması Prezident İlham Əliyevin gənc nəslin inkişafına göstərdiyi diqqət və qayğını göstərir. Bütün bunların nəticəsidir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır.

Təqdirəlayiq hallardan biri də odur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən biri gənc nəslin nümayəndələrinə etimad göstərilməsi, onların məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Bu xüsusda, Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilməsini xüsusilə qeyd etmək lazımdır. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Dövlətimizin başçısı gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, yaradıcı və vətənpərvər gəncliyin formalaşmasını hər zaman diqqət mərkəzində saxlayır. Məhz bu dəstək və diqqətin nəticəsidir ki, Azərbaycan gəncliyində özünə inam hissi xeyli artıb.

Azərbaycan gəncliyinin triumfu 44 günlük Vətən müharibəsi zamanı özünü göstərdi. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımızın otuz illik torpaq həsrətinə son qoydu. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində yetişən vətənpərvər, milli ruhlu gənclər torpaqlarımızı işğaldan azad etdilər. Müzəffər Ali Baş Komandanımızın da ifadə etdiyi kimi, hərbi qələbəmizi şərtləndirən ən böyük qüvvə gənclərimiz olub. Həmçinin, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

DİGƏR Xəbərlər Arxiv